Accessibility links

İran Azərbaycanında siyasi məhbusların sərbəst buraxılması üçün qraffiti etirazı davam edir


İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəallar İran həbsxanalarında saxlanılan siyasi məhbusların azadlığı üçün bu şəhərin divarlarında şüarlar yazır.

Güneyli fəallar oktyabrın 6-dan etibarən Ərdəbil şəhərində həbsdə olan milli fəalların azadlığı üçün divarları siyasi məhbuslara azadlıq tələb edilən şüarlar ilə boyayırlar.

Ərdəbil şəhərinin divarlarında "hələ də xəbərsizik", "siyasi məhbuslar bizi xilas etdilər, uzun müddətdir qəfəsdədirlər onları unutmayaq", "məhbusları məzuniyyətə göndərin", "Abbas Lisaninin hələ də görüşlərinə və telefon əlaqələrinə qadağa qoyulub", “siyasi məhbuslarımızın sağlamlığı bizim qırmızı xəttimizdir” kimi şüarlar yazılıb.

Ərdəbildə milli fəallar həmçinin ingilis dilində siyasi məhbusların sərbəst buraxılması barədə şüarlar yazıblar.

Son zamanlarda Ərdəbil Həbsxanası ilə əlaqədar yayımlanan xəbərlərə əsasən, bu həbsxanada saxlanılan siyasi məhbuslar - Abbas Lisani, Yusuf Kari, Əli Vasiqi və Rza Vasiqidə COVID-19 xəstəliyinin simptomları müşahidə edilsə də, Ərdəbil məhkəməsi və həbsxana rəsmiləri tərəfindən Azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı hər hansı bir addım atılmayıb

İran həbsxanalarında COVID-19 xəstəliyinin yayılması ilə əlaqədar bir çox məhbus məzuniyyətə buraxılsa da, bəzi tanınmış məhbuslar o cümlədən Abbas Lisani və Lətif Həsəniyə məzuniyyətə çıxma imkanı verilmir.

Daha öncə HRA xəbər agentliyinin yaydığı xəbərlərə görə, Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisani, Yusuf Kari və Əli Vasiqidə koronavirus simptomları olan qızdırma, quru öskürək, təngnəfəslik və baş ağrısı aşkarlandığına baxmayaraq, onların müayinə və müalicə üçün xəstəxanaya getmələrinə icazə verilməyib.

Bir aya yaxındır ki, Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan türk fəal Abbas Lisaninin ziyarət və telefon əlaqələrinə də qadağa qoyulub. Bu qadağalar milli fəalın ailəsinin narahatlığının daha da artmasına səbəb olub.

Ötən günlərdə Ərdəbil şəhərində yaşayan milli fəallar şəhər divarlarında Ərdəbil həbsxanasında saxlanılan Vasiqi qardaşları üçün qraffiti çəkərək, onlara azadlıq tələb etmişdilər.

Hal-hazırda Lətif Həsəni, Abbas Lisani, Yusuf Kari, Tohid Əmir Əmini, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi və Səhənd Məali də daxil olmaqla İran həbsxanalarında bir çox azərbaycanlı siyasi məhbus saxlanılır. İran hökumətinin məhkəmə rəsmiləri tərəfindən məhbusların sağlamlığı ilə bağlı hər hansı bir addımın atılmaması milli fəallar və məhbusların ailələrinin narahatlığına səbəb olub.

XS
SM
MD
LG