İran Azərbaycaında ‘Kirpi’ şirkətinin prodüserliyi ilə bir qrup gənc cizgi filmini Azərbaycan türkcəsinə dublyaj ediblər.
Təbrizdə heç bir dövlət orqanlarından dəstək alınmadan bir sıra gənclər tərəfindən dublyaj olan animasiya filmi Walt Disney şirkətinin məhsuludur.
İranda uşaqlar üçün televiziyada yayımlanan cizgi filmləri adətən farsca olur.
Bu animasiya filminin dublyaj işi təxminən bir il çəkib. Animasiya filmini Azərbaycan türkcəsinə Babək Meynəqi və Səba Səbbağ tərcümə ediblər.
Xoxanlar Kompanisi (ingiliscə Monsters, Inc) 2001-ci ildə hazırlanmış kompüter animasiya 3D filmidir. Onun yaradıcıları eyni zamanda Oyuncaq Hekayəsi cizgi filminin yaradıcı heyətidir.
Xoxanlar Kompanisi adlı Azərbaycan türkcəsinə dublyaj olmuş bu animasiya filmi İran Azərbaycanının 5-ci dublyaj olmuş animasiya filmidir. Bundan öncə Super Qəhrəmanlar 2, Balaca Rəis, Heyvanlar Şəhri və Oynatmalı Nağılı 3 gənclər tərəfindən Azərbaycan türkcəsinə dublyaj olunublar.
İranda uşaqlar üçün televiziyada yayımlanan animasiya filmlərinin hamısı bir qayda üzrə farsca hazırlanır.
Keçmişdə ‘Kirpi’ şirkətinin nəşr etdiyi türkcə kitabların satışına dövlət tərəfindən maneə törədilib.
‘Kirpi’-nin 32-ci Tehran Beynəlxalq Kitab Sərgisində və 16-cı Təbriz Beynəlxalq Kitab Sərgisində stend qurmasına qadağa qoyulmuşdu.
Son illərdə İran Azərbaycanında türkcə dilində teatr, qısa film və dublyaj kimi mədəniyyət məhsullarıının daha çox istehsal olunması yerli əhali arasında rəğbətlə qarşılanır.