Accessibility links

İran Azərbaycanında toyuq əti qıtlığı problemi hələ də həllini tapmır


Toyuq əti almaq üçün növbə
Toyuq əti almaq üçün növbə

İran Azərbaycanında təxminən bir ay davam edən toyuq əti qıtlığı rəsmilərin problemlə bağlı verdikləri vədlərə baxmayaraq hələ də həllini tapmır.

Son bir ay ərzində İranda toyuq ətinin qiymətinin artması ilə yanaşı bu məhsulun qıtlığı alış-veriş mərkəzlərində uzun sıraların yaranmasına səbəb olmaqdadır. Vətəndaşlar saatlarla növbələrdə gözləyərək dondurulmuş toyuq əti ala bilir.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının Nəzarət və Təftiş üzrə müavini Yusif Paydar, jurnalistlərə verdiyi müsahibədə problemin istehsalda deyil, paylama sistemində olduğunu irəli sürüb.

Toyuq əti almaq üçün növbə
Toyuq əti almaq üçün növbə

Onun dediyinə görə, son bir həftə ərzində vilayətdə gündəlik 300 tondan çox toyuq əti paylanıb.

Daha öncə Şərqi Azərbaycan kənd təsərrüfatı idarəsinin baş direktoru vilayətdə quşçuluq istehsalının keçən illə müqayisədə artdığını açıqlayıb və eyni zamanda, toyuq əti istehsalı ilə bağlı heç bir problemin olmadığını bildirib.

Toyuq əti, yağ və yumurta kimi məhsulların qıtlığı problemi təkcə Şərqi Azərbaycan vilayətində deyil, eyni şəkildə Qərbi Azərbaycan və Ərdəbildə də davam etməkdədir.

Qərbi Azərbaycan valisinin sözlərinə görə, bu vilayətdə gündəlik toyuq əti ehtiyacı 220 tondur, lakin vilayətdə gündəlik toyuq kəsimi 370 tondur.

Rəsmilər yaranan vəziyyətin səbəbinin paylama sistemi ilə bağlı olduğunu və toyuq ətinin digər vilayətlərdə qiymətinin fərqli olması üçün vilayətdən çıxarılaraq başqa vilayətlərdə satıldığını söyləyirlər.

İLNA xəbər agentliyi bazarın durumunu izləyən fəallara istinadən qeyd edib ki, toyuq almaq üçün yaranan vətəndaş növbələri rəsmilər tərəfindən verilən statistikalarla uyğun deyildir.

Ərdəbil vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Ramin Sadiqi vilayətdə gündə 141 ton toyuğun kəsilməsini bildirib, amma bu vilayətdə də başqa vilayətlərdə olduğu kimi toyuq qıtlığı problemi hələ də davam edir.

Son bir ayda hər gün sosial mediada yayılan şəkillər və videolarda toyuq almaq istəyən vətəndaşların uzun növbələrdə gözlədiyi müşahidə olunur. Pandemiya dövründə vətəndaşların ərzaq ehtiyaclarını təmin etmək üçün izdihamlı məkanlarda saatlarla gözləməsi narahatlıqlara və tənqidlərə səbəb olub.

İran Azərbaycanında toyuq əti qıtlığı ölkədə bu məhsulun qiymətinin qəfil artmasından qısa bir müddət sonra başlayıb.

Təxminən bir ay əvvəl bazar tənzimləmə qərargahı tərəfindən toyuq ətinin qiyməti 20 min 400 tümən elan edildi. Növbəti günlərdə toyuq ətinin qiyməti tədricən artaraq, bir kiloqram üçün 35 min tümənə qədər yüksəlib ki, bu da vətəndaşların narahatlığına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG