Accessibility links

İran koronavirusla bağlı şayiələrin yayılmasına görə 3600 nəfərin həbs olunduğu bildirir


Briqada generalı Abülfəzl Şekarçı
Briqada generalı Abülfəzl Şekarçı

İran silahlı qüvvələrinin nümayəndəsi ölkədə koronavirus pandemiyası ilə bağlı şayiələr yaydığına görə 3600 nəfərin həbs olunduğunu deyir.

Briqada generalı Abülfəzl Şekarçı aprelin 28-də dövlətin nəzarətində olan televiziyada canlı yayım proqramında İslam Respublikasının ölkə daxilində "düşmənlərinin" onların əmrlərinə tabe olan "ünsürləri"nin olduğunu iddia edib.

Şekarçı iddia edib ki, adı açıqlanmayan düşmənlər İranın virusa qarşı "çox yaxşı" mübarizə aparması səbəbindən ölkəyə zərər verməyə çalışır. Aprelin 29-da verilən rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı təxminən 6000, yoluxanların sayı isə 93500 nəfərdir.

Həqiqi rəqəmlərin əhəmiyyətli dərəcədə yüksək olduğu güman edilir. Hətta İran Parlamentinin Tədqiqat Mərkəzi bu ayın əvvəlində ölkədə koronavirus pandemiyasından ölənlərin sayının testlərin az keçirilməsi və hesabatların dəqiq olmaması səbəbindən rəsmi rəqəmlərdən iki dəfə çox olacağını təxmin edib.

Rəsmi Tehran pandemiyaya ilkin reaksiyanı gec verməsinə və Qum şəhərinda təcrid tədbirlərinin başlanmasına gec qərar verməsinə görə tənqidlərlə qarşılaşmışdı. Qumda başlayan yoluxmalar sonradan bütün ölkəyə yayılmışdı.

Şekarçının açıqlamaları ABŞ Dövlət Departamentinin İranı ABŞ rəsmiləri ilə əlaqə quraraq, ölkədə COVID-19 epidemiyasının real miqyası haqda məlumat verməyə çalışan şəxsləri həbs etməkdə günahlandırmasından bir neçə həftə sonraya təsadüf edir.

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranın koronavirus yoluxmaları və ölənlərin sayı ilə bağlı şəffaf olmadığını bildirib və əlavə edib ki, İran xalqı hökumətdən həqiqəti söyləməyi istədikdə və hökumətdən şəffaflıq tələb etdikdə rejim onların qarşısını almaq üçün hər şeyi edir.

Fransa media monitorinq qrupu olan "Sərhədsiz reportyorlar" təşkilatı aprelin 15-də koronavirus epidemiyası barədə İran tərəfindən rəsmi təsdiq edilməyən məlumatları yayan jurnalistləri və vətəndaş jurnalistləri təqib etdiyinə görə qınayıb.

XS
SM
MD
LG