Accessibility links

İran məhkəməsi fəala Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə üç il həbs cəzası verib


İran hökuməti azərbaycanlı fəalı ötən il Azərbaycanla Ermənistan arasında baş verən münaqişə zamanı Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə üç il müddətinə həbs edib.

Yanvarın 8-də Amerikanın Səsinin fars xidmətinə müsahibə verən məsələ ilə tanış olan bir mənbə bildirib ki, Urmiyə şəhərinin İnqilab Məhkəməsi fəal Salar Tahir Əfşarın vəkilinə hökmlə bağlı şifahi bildiriş verib. Mənbə bildirib ki, hökm dekabrın 14-də həm vəkilin həm də fəalın Urmiyədə iştirak etdiyi məhkəmədən sonra çıxarılıb.

Tahir Əfşar "qanunsuz mitinqdə iştirak etdiyinə" görə üç, "hökumət əleyhinə propaqanda yaydığına" görə bir il həbs cəzası alıb.

Rəsmilər Tahir Əfşarı ötən ilin iyulun 16-da Urmiyədə və İran Azərbaycanının bir neçə başqa şəhərində Azərbaycana dəstək məqsədilə keçirilən mitinqlərdə iştirak edəndən sonra həbs ediblər. İran höküməti etirazları dağıtmaq üçün əraziyə çox sayda təhlükəsizlik qüvvələri göndərib və çox sayda insanı həbs edib.

Tahir Əfşar altı gün saxlanılandan sonra girov qarşılığında sərbəst buraxılıb və məhkəmə qərarı çıxana qədər azadlıqda qalıb. Amerikanın Səsinə danışan mənbə bildirib ki, fəalın vəkili növbəti günlər ərzində üç və bir illik həbs hökmü ilə bağlı apellyasiya şikayəti verməyi planlaşdırır.

İran qanunlarına əsasən, apellyasiya şikayətindən sonra bu cəzalar təsdiq olunsa Tahir Əfşar bu həbs cəzalarından ən uzununu, yəni üç il həbs cəzasını çəkəcək.

Lakin mənbə deyib ki, fəala həmçinin daha öncə 2019-cu ilin noyabr ayında İran boyu hökumət əleyhinə nümayişlərin hissəsi olaraq Urmiyədə etiraz aksiyasında iştirak etdiyinə görə çıxarılan hökmlə əlaqədar olaraq əlavə səkkiz ay həbs cəzası çəkəcək. O, həmin ilin noyabrın 20-də həbs edilib və daha sonra zəmanət qarşılığında sərbəst buraxılıb.

Qərbi Azərbaycanın cinayət məhkəməsi Tahir Əfşara qarşı etirazlarda icitmai nizamı pozduğuna görə hökm çıxarıb və 2020-ci ilin yanvarın 15-də keçirilən məhkəmə iclasında ona səkkiz ay həbs və 20 şallaq cəzası verib, lakin bu cəzaları üç il müddətinə təxirə salıb. Mənbə əlavə edib ki, əgər apellyasiya məhkəməsi ona 2020-ci ilin iyulunda keçirilən etirazlarda iştirak etidiyinə görə verilən üç illik cəzani qüvvədə saxlasa, səkkiz aylıq həbs cəzası da ona əlavə olunacaq.

Amerikanın Səsi Tahir Əfşara qarşı məhkəmənin çıxardığı hökmləri yoxlaya bilmir, çünki İran daxilində fəaliyyət göstərməsi qadağandır. İran dövlət mediası isə məsələ ilə bağlı məlumat verməyib.

Azərbaycanla Ermənistan arasında sentyabr ayının sonunda başlayan və altı həftə davam edən müharibə noyabr ayında Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılığı ilə başa çatıb.

İran ötən ay bir digər azərbaycalı fəal Əli Əziziyə İranın islamçı rəhbərlərinin azlıq qrupa qarşı diskriminasiyasının əleyhinə dinc kampaniya apardığına görə beş il müddətinə həbs cəzası verib.

Britaniyada qərargahlanan Beynəlcalq Azlıq Haqları Qrupunun 2018-ci ilin mart ayında yaydığı hesabata əsasən, İranda 15 milyona yaxın azərbaycanlı yaşayır. İranın ümumi əhalisi təxminən 85 milyondur.

İran azərbaycanlılarının çoxu İran hökumətinin məktəblərdə tədrisinə qadağa qoyduğu türk dilində danışırlar. Azərbaycanlı fəallar bu qadağanı qınayırlar və bunun İran konstitusiyasının 15-ci maddəsini pozduğunu bildirirlər. Həmin maddə “regional və tayda dillərinin mətbuat və KİV-lərdə istifadəsinə, habelə məktəblərdə onların ədəbiyyatlarının tədris olunmasına” icazə verir.

İranın islamçı rəhbərləri ölkədə türk dilindən istifadənin azlıqlar arasında separatizmə yol aça biləcəyindən narahatdırlar.

Müəlliflər: Maykl Lipin, Ramin Hağcu

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG