Accessibility links

İran nüvə razılığı ilə bağlı danışıqlarda irəliləyiş olmasa, ABŞ geri çəkilə bilər


ABŞ-ın dövlət katibi Antoni Blinken
ABŞ-ın dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken cümə günü xəbərdarlıq edib ki, İranın nüvə fəaliyyətinə nəzarət etmək üçün müvəqqəti razılığın olmaması Birləşmiş Ştatları nüvə razılığına geri dönmək səylərini dayandırmağa vadar edə bilər.

“Biz fikir ayrılıqlarını aradan qaldıra bilib-bilməyəcəyimizi görəcəyik, amma onlar realdır və biz onları aradan qaldıra bilməliyik,” Blinken Parisdə Fransa xarici işlər naziri Jan İv Le Drianla görüşdən sonra keçirilən brifinqdə söyləyib.

“Mən sizə Atom Enerjisi üzrə Beynəlxaq Agentliklə bağlı onu deyərdim ki, bu, ciddi narahatlıq olaraq qalır. Biz bu narahatlığımızı İrana çatdırmışıq və bu narahatlıq həll olunmalıdır.”

Atom Enerjisi üzrə Beynəlxaq Agentlik bildirir ki, fevralın 21-də əldə olunan üç aylıq müvəqqəti razılığın müddəti daha sonra bir ay uzadılıb, amma cümə axşamı həmin müddət başa çatıb.

Reuters xəbər agentliyinin ələ keçirdiyi agentliyin daxili bəyanatındakı məlumata görə, agentlik İrandan nəzarətlə bağlı razılığı uzadıb-uzatmayacağına dair “dərhal bir cavab” gözlədiyini bildirib.

Avropaya səfəri çərçivəsində Parisi ziyarət edən Blinken cümə günü keçirilən mətbuat konfransında etiraf edib ki, Vyanadakı danışıqlar heç bir irəliləyiş olmadan davam etsə, Birləşmiş Ştatlar razılığa geri dönməməyə qərar verə bilər.

“Bəli, elə bir nöqtə olacaq ki, İran razılığında qeyd olunan standartlara geri dönmək çox çətin olacaq,” Blinken deyib.

O, İranı razılığı canlandıra biləcək danışıqlarda irəliləyişin olmasına gətirib çıxaracaq “çətin” qərarlar verməyə çağırıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə cümə günü yaydığı bəyanatda deyib ki, “qərar verməli olan rəqib tərəflərdir.”

Tərəflər artıq altı həftədir danışıqlar keçirirlər və dolayı danışıqlar ötən bazar günü başa çatın, amma əsas məsələlər hələ həll olunmayıb.

Le Drian Blinkenin xəbərdarlığını vurğulayaraq, cümə günü Parisdə müxbirlərə bildirib ki, danışıqların irəliləməsi İrandan asılıdır.

“Danışıqlar yenə başlayandan bəri altı həftə keçib. Bir az irəliləyiş əldə olunub və biz indi ən çətin zamanlara daxil olacağıq. Bunun üçün İranın yeni rəsmiləri tərəfindən böyük və cəsarətli qərarlar verilməlidir, amma indi artıq bunun zamanıdır,” Le Drian deyib.

Blinken daha sonra cümə günü Fransa Prezidenti Emmanuel Makronla da görüşüb.

XS
SM
MD
LG