Accessibility links

İran nüvə razılığı ilə bağlı yeni müzakirələri rədd edir


Fransa Prezidenti Emmanuel Makronun Tehranın dünya qüdrətləri ilə nüvə razılığı ilə bağlı danışıqlarda Səudiyyə Ərəbistanının da iştirak etməsini təklif etməsindən sonra İranın Xarici İşlər Nazirliyi şənbə günü razılıqla bağlı hər hansı yeni müzakirələrin aparılmasını və ya iştirakçılarda hər hansı dəyişikliyin olmasını rədd edib.

“Nüvə razılıq BMT-nin Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsi ilə təsdiqlənən çoxtərəfli beynəlxalq sazişdir. Bu saziş müzakirəyə açıq deyil, sazişin tərəfləri isə bəllidir və dəyişdirilə bilməz,” dövlət mediası İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Katibzadəyə istinad edərək bildirib.

İran Vaşinqtonun 2018-ci ildə o zamankı Prezident Donald Trampın hakimiyyəti altında razılıqdan geri çəkilməsindən və Tehrana iqtisadi sanksiyaları bərpa etməsindən sonra razılıqda uranın zənginləşdirilmə səviyyəsinə tətbiq olunan məhdudiyyətləri pozmağa başladı.

Prezident Co Baydenin yeni administrasiyası yalnız Tehran saziş qarşısındakı öhdəliklərini tam yerinə yetirdiyi təqdirdə razılığa geri dönəcəyini bildirib.
Səudiyyə Ərəbistanı və müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri bu dəfə hər hansı danışıqlarda Fars körfəzinin ərəb ölkələrinin də iştirak etməli olduğunu və danışıqlarda İranın balistik raket proqramının və Yaxın Şərqdəki vasitəçilərinə dəstəyinin də müzakirə edilməli olduğunu söyləyir.

Al Arabiya televiziyası cümə günü Makrona istinadən bildirib ki, o, 2015-ci ildə razılıq əldə olunduğu zaman başqa ölkələri razılıqdan kənar saxlamaq kimi səhvin yenidən təkrarlanmasının qarşısının alınmasının zərurətini vurğulayıb.

Regionda, o cümlədən Yəməndə Tehranla bir neçə vasitəçi müharibəsində qarşı-qarşıya gələn Səudiyyə Ərəbistanı Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasını dəstəkləyib.

Makron deyib ki, İranla nüvə razılığı ilə bağlı hər hansı yeni danışıqları çox “sərt” olmalıdır və Tehranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün çox az zaman qalıb.

Katibzadə deyib ki, Makron “təmkin nümayiş etdirməlidir.” “Əgər Fransa rəsmiləri Fars körfəzinin ərəb ölkələrinə böyük silah satışından narahatdırlarsa, siyasətlərini yenidən nəzərdən keçirməlidirlər,” o deyib. “Fransanın silahları, digər Qərb ölkələrinin silahları kimi təkcə minlərlə yəmənlinin soyqırımına səbəb olmurlar, həm də regiondakı qeyri-sabitliyin əsas səbəbidirlər."

XS
SM
MD
LG