Accessibility links

İran nəqliyyat şirkətlərinə Azərbaycanın rəsmi sərhədlərindən kənardan girişinə qadağa qoyub


İranın Mehr agentliyi oktyabrın 20-də ölkənin nəqliyyat şirkətlərinin Qarabağa və Laçın rayonuna girişinə qadağa qoyulduğu haqda məlumat verib.

Agentliyin məlumatında deyilir ki, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Müraciətdə əsasən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın rayonlarına Ermənistan vasitəsilə girişin qadağan olunduğu qeyd edilir. Həmçinin Dağlıq Qarabağ regionu ilə hər hansı ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi qadağan edilir.

Bundan sonra, Azərbaycan tərəfi Qarabağa yük daşıyan iki avtomobilin sürücüsünü azad edərək, İran tərəfinə verib.

Müşahidəçilər bunuAzərbaycan-İran münasibətlərindəki gərginliyin aradan qaldırılmasına işarə kimi qiymətləndirərək, İranın son addımlarının belə görünür Azərbaycanı razı saldığını qeyd edir.

Bu gün Türkiyə prezidenti də deyib ki, İran-Azərbaycan münasibətlərindəki böhranın isti mərhələyə keçəcəyini gözləmir.

"Şəxsən mən İranın Azərbaycanı İsraillə münasibətlərinə görə hədəfə çevirəcəyini gözləmirəm. Çünki bu gün İranda Azərbaycan amili göz önündədir. Bu, düşünməyə vadar edir. Bu, o qədər də asan deyil. İranın etdikləri yanlışdır və düşünürəm ki, İranın yeni administrasiyası bu yanlış xətti davam etdirməyəcək," Ərdoğan Tehranın Bakıya təzyiq göstərməyə çalışmaqla nəyə ümid etdiyi barədə suala cavabda bildirib.

İranla Azərbaycan arasında gərginlik İran yük avtomobillərinin Ermənistan ərazisi vasitəsi ilə Rusiya sülhməramlılarının yerləşdirildiyi Laçın koridoru vasitəsi ilə Qarabağda Xankəndi şəhərinə yük aparmalarından sonra başlayıb. Azərbaycan tərəfi İran səfirinə etiraz notası təqdim edib. İran tərəfi Azərbaycanın etirazını nəzərə almayıb və yük daşımalarını davam etdirib. Prezident İlham Əliyev İranın bu hərəkətinə münasibət bildirib. Bundan sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.

XS
SM
MD
LG