Accessibility links

İran Natanz obyektində uran zənginləşdirməsini 60 faizədək artırıb


İran rəsmiləri aprelin 16-da ölkədə uranın indiyədək ən yüksək - 60 faizədək zənginləşdirilməsinə başlandığını bildirib.

Dövlət televiziyası parlamentin sədri Məhəmməd Baker Qalibafa istinadən bildirib ki, iranlı alimlər aprelin 16-da yerli vaxtla gecə yarısından sonra uğurla uranı 60 faizədək zəninləşdirməyə başlayıb.

Onun bu açıqlaması İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi tərəfindən təsdiqlənib. Tasnim yarı-rəsmi xəbər agenliyi ona istinadən xəbər verib ki, Natanz nüvə müəssisəsi" uranın 60 faziədək zənginləşdirilməsi davam edir".

Bu addım İranın Vyanada dünya dövlətləri ilə Vaşinqton və Tehran arasında üç il əvvəl keçmiş prezident Donald Tramp dövründə ABŞ-ın tərk etiyi 2015-ci il müqaviləsini canlandırmaq üçün apardığı danışıqları daha da çətinləşdirə bilər.

İran 13 aprel tarixində Natanz nüvə müəssisəsinə edilən hücuma cavab olaraq uranı 60 faizədək zənginləşdirməyə başlayacağını elan etmişdi. Tehran hücma görə İsraili günahlandırır.

BMT-nin nüvə üzrə rəsmisi də İranın yerüstü bir obyektdə uranı 60 faizə qədər zənginləşdirməyə hazırlaşdığını təsdiqləyib.

2015-ci il sazişinə görə, İran uranı 3.67 faizədək zənginləşdirə bilər. Ancaq İran bir müddət öncə zənginləşdirməni 20 faizədək artırmağa başlamışdı. ABŞ-ın sanksiyalarından sonra İran saziş öhdəliklərindən geri çəkilməyə başlayıb.

60 faiz zənginləşdirmə nüvə silahı üçün yetərli deyil. Uran 90 faizədək zənginləşdirildiyi halda hərbi məqsədlə istifadə oluna bilər. Tehran nüvə silahı hazırlamaq niyyəti olmadığını, nüvə ambisiyalarının dinc məqsədlərə xidmət etdiyini bildirir.

Vyanada aprelin 15-i danışıqlarından sonra diplomatlar bəyan ediblər ki, iki işçi qrup müzakirələri davam etdirəcək, ABŞ-ın sanksiyaları qaldırması, İranın yenidən nüvə proqramına məhdudiyyətlərə əməl etməsi üçün detalları hazırlayacaq.

ABŞ Dövlət katibi Entoni Blinken aprelin 14-də deyib ki, Tehranın zənginləşdirmə ilə bağlı “provokativ” açıqlaması “İranın nüvə danışıqlarında ciddiliyini sual altına alır”.

Britaniya, Fransa və Almaniya da Tehranın “təhlükəli” bəyanatından “dərin narahatlıq” bildirib, bunun 2015-ci il müqaviləsini dirçəltmək cəhdlərinə “konstruktiv ruh və xoş mərama zidd” olduğunu vurğulayıb.

XS
SM
MD
LG