Accessibility links

İran razılıqda nəzərdə tutulduğundan daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlayıb


Arxiv fotosu - İran prezidenti Həsən Ruhani Tehrnda "Milli Nüvə Günü" münasibətilə tədbirdə nüvə sahəsində əldə edilmiş nailiyyətlər haqda izahatı dinləyir, 9 aprel, 2018.
Arxiv fotosu - İran prezidenti Həsən Ruhani Tehrnda "Milli Nüvə Günü" münasibətilə tədbirdə nüvə sahəsində əldə edilmiş nailiyyətlər haqda izahatı dinləyir, 9 aprel, 2018.

İran 2015-ci ildə əldə edilmiş razılıqda nəzərdə tutulduğundan daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlayıb. Rəsmi Tehran bu dəyişikliyi bazar günü elan edib. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, İran nüvə elektrik stansiyaları üçün yanacaq əldə edilməsi üçün uran zənginləşdirilməsi səviyyəsini 5 faizə qədər yüksəldə bilər.

İran prezidenti Həsən Ruhani keçən həftə deyib ki, onun ölkəsi 2015-ci il razılışmasını imzalamış digər ölkələr tərəfindən sanksiyaların yüngülləşdirilməsi üçün daha çox kömək almadığı təqdirdə daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlaya bilər.

İran və dünyanın altı qüdrətli dövləti tərəfindən əldə edilmiş razılığın əsas məqsədi İranın nüvə silahı istehsalı istiqamətində fəaliyyət göstərmədiyi ilə bağlı qorxuların aradan qaldırılmasından ibarət idi. Razılığa əsasən, İranın uranı 3.67 faizdən yuxarı səviyyədə zənginləşdirməsi qadağan edilir və bu maddənin yalnız 300 kiloqram həcmində ehtiyatlarını saxlaya bildiyi deyilir.

3.67 faiz səviyyəsində zənginləşdirilmiş uran nüvə elektrik stansiyalarında istifadə etmək məqsədi üçün yararlıdır, lakin nüvə silahları isehsalı üçün bu, çox aşağı səviyyədir.

Ruhani bu yaxınlarda İranın 3.67 faiz səviyyəsindən daha yüksək “istədiyi səviyyədə” uran zənginləşdirilməsinə hazır olduğunu deyib. O daha sonra Arak ağır su reaktorunun inşasının bərpa ediləcəyinə söz verib. İran 2015-ci il razılığını imzaladığı vaxt bu layihəni dayandırmağa razı olmuşdu.

Birləşmiş Ştatların keçən il 2015-ci il razılığından çıxmasından sonra İran Avropa ölkələrindən dəstək almağa çalışır. ABŞ İrana qarşı sanksiyaları bərpa edib və İranın əsas iqtisadi sektoru olan neft sektorunu hədəf alan yeni ölçülər tətbiq edib.

XS
SM
MD
LG