BMT-nin Suriya üzrə nümayəndəsi Steffan de Mistura İran, Rusiya və Türkiyənin diplomatları ilə Suriyanın yeni konstitusiyanın hazırlanması ilə bağlı səyləri müzakirə etmək üçün görüş keçirib. Danışıqlar üsyançıların nəzarətində olan İdlib vilayətində mümkün genişmiqyaslı hərbi əməliyyatın keçiriləcəyi ilə bağlı narahatlıqların artdığı fonda baş tutub.
Steffan de Misturanın başçılığı ilə aparılan və başa çatan danışıqlarla bağlı müxbirlərə çox az məlumat verilib. Görüşdə tərəflərə Suriyada yeddi ildir davam edən müharibədə üsyançıların son istinadgahı və təxminən üç milyon insanın yaşadığı İdlibdə genişmiqyaslı hərbi əməliyyatın keçirilməsi ilə bağlı narahatlıqlar çatdırılıb.
Steffan de Misturanın sözçüsü Maykl Contet deyib ki, xüsusi nümayəndə danışıqlarla bağlı hər hansı açıqlamanı gələn həftə BMT-nin Təhlükəsizlik Şurasında keçiriləcək görüşdə verəcək.
Türkiyənin Xarici İşlər Naziri deyib ki, diplomatlar “Suriya böhranı ilə bağlı siyasi həllin tapılması işində mühüm addım olan” konstitusiya komitəsinin təşkil edilməsi məsələsini müzakirə edib. Nazirlik bildirib ki, Türkiyə və Rusiya rəsmiləri məsələ ilə bağlı “texniki səviyyədə” danışıqları davam etdirəcək.
İran və Rusia Türkiyənin atəşkəs çağırışlarına baxmayaraq, İdlibdə Suriya prezidenti Bəşar Əsəd qüvvələrinin cəlb olunduğu hərbi kampaniyanı dəstəkləyir.
Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi namyəndəsi Aleksandr Lavrentyev Rusiyanın hava hücumlarını dayandırıb-dayandırmayacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
De Mistura bazar ertəsi günü hər üç nümayəndə heyətinin üzvləri ilə qeyri-rəsmi görüş keçirib.