İranın İnqilab Qvardiyası Səudiyyə Ərəbistanının balıqçı qayığını ələ keçirərək, qayıqdakıları həbs edib. Məlumat Mizan ədliyyə veb səhifəsində yayılıb.
İranın Buşehr liman şəhərinin yerli rəsmisi Mizana hazırda təhqiqat aparıldığını bildirib. O, balıqçı qayığında olanların milliyəti və neçə nəfər olduğu barədə məlumat verməyib.
İran və onun regional rəqibi Səudiyyə Ərəbistanı Yaxın Şərqdə müharibələrə qatılıb. Suriya, İraq və Yəmən münaqişələrində onlar müxalif tərəfləri dəstəkləyir.
İran mediası ötən il bildirmişdi ki, Səudiyyənin sahil qvardiyası İranın balıqçı qayıqlarını atəşə tutmuş, nəticədə bir balıqçı öldürülmüş, 3 nəfər həbs edilmişdi.
Səudiyyə Ərəbistanı qayıqda silah və partlayıcı qurğular olduğunu bildirmiş, İran isə bunu inkar etmişdi.