Accessibility links

İran: Tehran nüvə proqramını yenidən işə sala bilər


Rusiya, Çin və Avropa ölkələri Birləşmiş Ştatların yolu ilə gedərsə və İranla 2015-ci il nüvə sazişinə əməl etməzsə, Tehran nüvə proqramını yenidən işə salacaq və daha yüksək səviyyədə uran zənginləşdirəcək. Belə bir xəbərdarlıqla İranın nüvə agentliyi çıxış edib.

“Həmkarlarımız nüvə sazişindən çıxarsa, öncəki səviyyəyə qayıtmayacağıq, daha qabaqcıl səviyyəyə çatacağıq”, - Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi sentyabrın 5-də IRIB dövlət televiziyasına deyib.

NÜVƏ SAZİŞİNİN EFFEKTİ

İran liderləri bundan öncə də dəfələrlə deyiblər ki, nüvə sazişi pozularsa, yüksək səviyyədə uran zənginləşdirmə fəaliyyətini bərpa edəcəklər. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Birləşmiş Ştatlar mayda nüvə sazişindən çıxıb, amma sənədi imzalamış digər ölkələr - Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqı ona əməl edəcəklərinə söz veriblər. Ancaq İran sənədin vəd etdiyi iqtisadi faydaların kəsilməməsini tələb edir.

Tehran bu ölkələrin ABŞ-ın bərpa etdiyi iqtisadi sanksiyaların mənfi təsirlərini önləyə biləcəyinə skeptik yanaşır. Artıq İran rialı sürətlə ucuzlaşmaqdadır.

Ötən həftə ali dini lideri Ayətulla Əli Xamaneyi deyib ki, ölkənin milli maraqlarına daha cavab verməzsə, İran razılaşmanı “bir kənara atmağa” hazır olmalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə İranın sazişə əməl etdiyinə zəmanət verib.

Nüvə sazişi İrana mülki məqsədlərlə, aşağı səviyyədə uran zənginləşdirməyə icazə verib. Amma İran agentliyinin sentyabrın 5-də verdiyi açıqlamaya görə, onlar artıq sazişdən öncəki səviyyəni arxada qoyublar. Bu, nüvə sazişinin səmərəsi barədə suallar yaradır.

TRaMP GÖRÜŞƏ HAZIRDIR

ABŞ prezidenti Donald Tramp sazişdən çıxmasını onunla izah edirdi ki, bu sənəd Tehranın nüvə silahı hazırlamaq qabiliyyətini əngəlləyə bilməyib.

Vaşinqtonla Tehran arasında gərginliyin artmasına baxmayaraq, Tramp sentyabrın 5-də deyib ki, yeni nüvə sazişi üzrə İranla danışıqlara hələ də açıqdır.

O, Ağ evdə jurnalistlərə söyləyib ki, bu ayın sonunda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarıHəsən Ruhani ilə görüşmək istərdi.

“Bu mümkündür, hər şey mümkündür. İranla nə baş verəcəyini görəcəyik. Danışmaq istəyirlər, ya yox, öz işləridir, mənlik deyil”, – Tramp vurğulayıb.

Sentyabrın 26-da Trump BMT Təhlükəsizlik Şurası üzvlərinin dövlət başçılarının iclasına sədrlik edəcək. Məqsəd şuranın qətnamələrini pozduğu iddia olunan Tehrana təzyiqi gücləndirməkdir.

XS
SM
MD
LG