Accessibility links

İrana alverə gedənlər: 'Heç manatı dəyişməyə ehtiyac yoxdur...'


İrandan alverdən gələn Azərbaycan vətəndaşı, Astara, noyabr 2018
İrandan alverdən gələn Azərbaycan vətəndaşı, Astara, noyabr 2018

“İrana getmişdim. 1 Azərbaycan manatını 8100 tümənə dəyişdim. Heç ona da ehtiyac yox imiş. İranın Azərbaycan sərhədinə yaxın olan bütün yerlərində manatla mağazalardan mal olmaq olur. ABŞ dolları bahadır. Amma geri qayıdanda gördüm ki,1 manatı 9 min tümənə dəyişirlər. Məzənnə enib-qalxır.”

İrandan qayıdan Astara rayonunun Ərçivan qəsəbə sakini Faiq Cəfərov əlindəki bağlamaları göstərib sözünə davam edir:

Faiq Cəfərov
Faiq Cəfərov

“Bizim camaat da ucuzluğa qaçır ”

“Bazarlıq etmişəm.Yeyinti məhsulları almışam.Mən uzun müddət sahibkar olmuşam, satış yerlərim var. Belə başa düşürəm ki,İranlılar üçün bahaçılıqdır, bizim üçün isə ucuzluq. Bizim camaat da ucuzluğa qaçır.İran Astarasının bazarlarında, maqazalarında bizimkilərin əlindən tərpənmək olmur.”

“Bal almışam kilosu 2 manat 50 qəpiyə”

Orta yaşlı bir qadın da deyir ki, hər iki həftədən bir İrana bazarlığa gedir:

“Orda mağazlarda bizim pulu qəbul edirlər. Bal almışam kilosu 2 manat 50 qəpiyə ( Azərbaycandan 10 dəfə ucuz-R). Kərə yağının 1 kiloqramını 6 manata almışam. Hərəsindən bir az almışam.Ona görə məni gömrükdə inçitmədilər. Kim yeyinti məhsullarından çox gətirir onu saxlayırdılar. İranda yoxlamırdılar, bizim gömrükdə qadınların da, kişilrin də üst-başını yoxlayırdılar. Deyirdilər ki, camaat çoxlu pul aparır İrana. Ona görə yoxlayırdılar.”

“Dedilər ki, hər gün İrana nə üçün gedirsən?”

Özünü Astara şəhər sakini Zabir Ağayev kimi təqdim edən bir şəxs də narazılığını gizlətmir:

Zabir Ağayev
Zabir Ağayev

“Altı büküm kağız gətirirdim, şəxsi istfadədən ötrü. Bizim gömrükdə əlimdən aldılar, dağıtdılar. Şikayət edəcəyəm. Dedilər ki, hər gün İrana nə üçün gedirsən?”

“...Zarafatla deyirlər ki...”

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar sərtləşdikcə bu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarının da syının artdığı bildirilir.

Buna səbəb kimi İran valyutasının dəyərdən düşməsi göztərilir.

Azərbaycanın cənub rayonlarında hətta zarafatla deyirlər ki, 50 manatla İranı almaq olar.

Adətən həftənin 6-cı və bazar günləri Azərbaycanın bütün bölgələrindən olan adamlara sərhəddə rast gəlmək olur. Bir taksi sürücüsü deyir ki, Bakıdan gələnlər daha çoxdur:

“İran Astarasında “Rus bazarı” deyilən bir yer var,...”

“Yol indi rahatdır. 2-3 saata Bakıdan buraya çatmaq olur.Gedirlər İrana bazarlıqlarını edib qayıdırlar. İran Astarasında “Rus bazarı” deyilən bir yer var, nə istəyirsən orda tapmaq olar. Orada Türkiyə, Yapon və digər ölkələrin mallarını da satırlar. İrana gedənlərin sayı çoxalıb, taksilərin də sayı çoxalıb. Bakıya müxtəlif qiymətlər var. Burdan Bakıya 10 manata da getmək olur,100 manata da.”

Gömrüyün çıxış qapısının önündə taksi sürücüləri, yük daşıyanlar müştəri gözləyirlər. Qapıdan çıxanlara xidmətlərini təklif edirlər. Dayanacaqlar minik maşınları ilə doludur. Sərhədyanı ticarətlə məşqul olan bir iş adamı deyir ki, Astara keçid məntəqəsinin önündə heç vaxt belə qəbləbəlik olmayıb:

“Gömrük 24 saat işləyir. Gömrüyün içərisndə yenə sıxıntı var. Gecə də belədir, gündüz də.”

“Azərbaycan vətəndaşı üçün İran bazarı ucuzlaşıb”

İqtisadçı Əlipənah Rzalı deyir ki, eyni mənzərəni Biləsuvar keçid məntəqəsində də müşhaidə etmək olar:

“ABŞ dolları İranda bir il ərzində kəskin bahalaşıb.İranda Azərbaycan manatı da dollara uyğun olaraq qalxır. Azərbaycan vətəndaşı üçün İran bazarı ucuzlaşıb. Bunun nəticəsidir ki, İrana axın var. İrana tədbiq edilən sansksiyalar özünü göstərir. İran milli valyutasının ucuzlaşması davam edəcək. İranda xaricdən gətirilən istehlak malları da bahalaşacaq. Növbəti mərhələdə bunu müşhidə edəcəyik. Enmə hələ ki,müşahidə olunmur. Sərhədə yaxın olan İranlı tacirlər dollara və manata üstünlük verirlər. Daha çox manat alırlar. Belə hesab edirlər ki,Azərbaycan qonşu ölkədir, manatı götürüb dollara dəyişə və yatrım edə bilərlər.”

“İnsanlar evdəki əşyalarını da İrana aparıb dəyər-dəyməzə satdılar.”

Azərbaycan- İran sərhəddi, Astara gömrük keçid məntəqəsi, Astara rayonu, arxiv foto
Azərbaycan- İran sərhəddi, Astara gömrük keçid məntəqəsi, Astara rayonu, arxiv foto

Ancaq iqtisadçının sözlərinə görə, bu proseslərin Azərbaycana xeyiri ilə yanaşı ziyanı da var:

“Sərhədyanı ərazilərdə fəaliyyət göstərən mağazalarda alver zəifləyib. Mağazalarda olan İstehlak malların qiyməti İranadkı qiymətlə uğyunlaşdırlmaldır ki, alıcı onlara üz tutsun. Bu da mümkün deyil. Digər tərəfdən bizim vətəndaşlar İran bazarına üz tutmaqla ordakı istehsala investisya qoymuş olurlar. Biz ötən əsrin 90-cı illərində belə bir böhranla üzləşmişdik. 20 yanvar hadisəsindən sonra İranın qapılarını açdılar.İnsanlar evdəki əşyalarını da İrana aparıb dəyər-dəyməzə satdılar.”

Azərbaycandan İrana gedən vətəndaşlardan bəzilərinin gömrük əməkdaşlarından narazılıqlarına isə Dövlət Gömrük Komitəsinin rəsmilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Ancaq komitənin rəsmiləri bundan öncə oxşar şikayətlərlə bağlı bildiriblər ki, onlar vətəndaşlarla yalnız qanun çərçivəsində davranırlar.
Komitə rəsmilərinin sözlərinə görə, əgər vətəndaşlar onlara hansısa məsələ ilə bağlı şikayət edərlərsə məsələ araşdırılacaq.

AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG