Accessibility links

İranda Amerika əleyhinə nümayişlər


İranda “Amerikaya ölüm” şüarları səsləndirən etirazçılar 1979-cu ildə İslam İnqilabı zamanı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd etmək və Amerikanın İranın əsas enerji sektorunu hədəf alan sanksiyalarına etiraz bildirmək üçün bazar günü küçələrə çıxıb.

Paytaxt Tehranda minlərlə insan “Amerikaya və İsrailə ölüm” şüarları səsləndirib. Dövlət televiziyasında İranın başqa şəhərlərində də buna bənzər etirazlraın keçirildiyi nümayiş etdirilib.

İranlı tələbələr 1979-cu ildə İslam İnqilabından sonra Birləşmiş Ştatların Tehrandakı səfirliyini ələ keçirmiş və 52 amerikalını 444 gün ərzində girov kimi saxlamışdı. Buna cavab olaraq ABŞ İranla diplomatik əlaqələri kəsmişdi.

Bu hadisə İran hökuməti tərəfindən hər il qeyd edilir. Amerika səfiriyinin binası isə mədəniyyət mərkəzinə çevrilib.

İranın dövlət mediasının bildirdiyinə görə, milyonlarla insan ölkənin dini rəhbərliyinə və Ali dini rəhbər Ayətullah Xameneiyə sadiqliyini bildirərək, ölkənin bir sıra şəhərlərində küçələrə çıxıb. Bu rəqəmlərin Reuters agenliyi də daxil olmaqla, müstəqil media tərəfindən təsdiq edilməsi mümkün olmayıb.

“Amerikaya ölüm” şüarları İranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü zamanı hər dəfə səsləndirilir. Lakin ABŞ prezidenti Donald Trampın Amerikanın İran və dünyanın qüdrətli dövlətləri arasında imzalanmış 2015-ci il sazişindən çıxdığını elan etməsindən sonra Birləşmiş Ştatlara qarşı qəzəbin daha da artdığı müşahidə edilir.

Nüvə sazişinin imzalanması nəticəsində Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində İrana qarşı tətbiq edilmiş beynəlxalq iqtisadi və maliyyə sanksiyalarının bir çoxu aradan qaldırılmışdı.

Tramp keçmiş prezident Barak Obama dövrü imzalanmış nüvə sazişinin zəif olduğunu və İranın mənafelərinə uyğun olduğunu deyərək tənqid edirdi.

Bazar ertəsi İrana qarşı sanksiyaların ikinci raundu qüvvəyə minir. Bu sanksiyalar İranın enerji və maliyyə sektorlarını hədəf alır.

XS
SM
MD
LG