İran Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur aprelin 4-də İranda koronavirusunun son durumu barədə video-konfrans vasitəsi ilə ölkənin beş vilayətində fövqəladə vəziyyətin elan olduğunu açıqlayıb. Cahanpur Şərqi Azərbaycan, Fars, Mazandaran, İsfahan və Rəzəvi Xorasan vilayətlərində fövqəladə vəziyyət elan edildiyini bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü vətəndaşların statistikalarda COVID-19-a yoluxma hallarının az olduğu vilayətlərə səfər edib yerləşdiklərinə görə artıq ümumi statistikaların açıqlanmasına qərar verildiyini deyib.
"Heç bir vilayət normal vəziyyətdə deyil və məhdudiyyətlərə əməl olunmadığı təqdirdə aprelin 11-dən sonra problem yaranacaq," Cahanpur bildirib. Səhiyyə Nazirliyinin sözçüsü Prezident Həsən Ruhaninin iqtisadi fəaliyyətlərin başlanması ilə əlaqədar verdiyi qərara işarə edb.
İran prezidenti aprelin 11-dən iqtisadi fəaliyyətlərin bərpa olunacağını bildirməsindən sonra tənqidlərə məruz qalıb.
Bu günə qədər ölkədə 60,500 insan koronavirusa yoluxub. Təkcə son 24 saat ərzində 136 nəfər ölüb ki, bu, da ümumi itkilərin rəsmi sayını 3739-a çatdırır.
Ölkə miqyasında virusa yoluxan 24,236 nəfər sağalıb, 4,083 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi vilayətdə 79 yeni yoluxma halını təsdiqləyib, koronavirusa yoluxanların sayının 1976-a, ölənlərinsə 205 nəfərə çatdığını deyib. O bu günədək vilayətdə sağalanların sayının 1,155 nəfər olduğunu bildirib.