Accessibility links

İranda COVID-19 nəticəsində ölüm sayında gündəlik rekord rəqəm qeydə alınıb


İranın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölkədə koronavirüs nəticəsində gündəlik ölümlərin sayı bazar günü rekord həddə çataraq, 434 nəfər təşkil edib. Ölkənin yüksək səviyyəli tibb qurumunun rəhbəri isə ölüm hallarının sayının rəsmi saydan ən azı üç dəfə çox olduğunu bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari tərəfindən dövlət televiziyasında açıqlanan ölüm hallarının rəsmi sayı Yaxın Şərqdə pandemiyanın ən çox təsirinə məruz qalan ölkə olan İranda 35298-ə çatıb. Koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayının isə 7719 artaraq 620491-ə çatdığı bildirilib.

İSNA xəbət agentliyinin verdiyi məlumata əsasən, İran Tibb Şurasının rəhbəri Məhəmmədreza Zəfərgəndi rəsmi rəqəmlərin doğruluğunu şübhə altına alıb və İranda "ölüm nisbətinin fəlakətli həddə" çatdığı ilə bağlı xəbərdarlıq edib.

"Ölənlərin rəsmi sayı yalnız qeydiyyatda olan xəstələrin sayına əsaslanır" - deyə, Zəfərgəndi İSNA agentliyinə bildirib. "Xəstəxanalar və qəbiristanlıqlarda aparılan araşdırmalar nəticəsində bizim Şura ölənlərin rəsmi sayından ən azı üç dəfə çox bir rəqəm əldə edib", o qeyd edib.

Tibbi Şura İranda həkimlərin lisenziyalaşdırılmasına görə məsul olan qeyri-hökumət təşkilatıdır.

"Minlərlə səhiyyə işçimiz bu virusa yoluxub və statistikamıza görə onlardan 300 nəfəri ölüb" - deyə, Zəfərgəndi bildirib.

İran parlamentinin araşdırma mərkəzinin aprel ayında açıqladığı hesabatda koronavirus nəticəsində ölüm hallarının sayının Səhiyyə Nazirliyinin açıqladığı rəqəmdən təxminən iki dəfə çox ola biləcəyi qeyd edilmişdi.

İranda virusun yayılmasının üçüncü dalğasının qarşısını almaq üçün hökumət ölkənin əksər yerlərində məktəblər, məscidlər, mağazalar və restoranları bağlayıb. Prezident Həsən Ruhani şənbə günü bildirib ki, yeni məhdudiyyətlər çərşənbə günü İranın 31 vilayətindən 25-də 10 gün müddətinə qüvvəyə minəcək.

Paytaxt Tehranda daha sərt tədbirlər görülür. Dövlət televiziyasının verdiyi məlumata görə, rəsmilər bazar ertəsi günü iki həftə müddətində tam karantin tətbiq edib-etməmək barədə qərar verəcək.

Daxili İşlər Nazirliyi Tehran da daxil olmaqla 25 şəhərə giriş və çıxışa bazar ertəsi günündən etibarən dörd gün müddətində qadağanın tətbiq ediləcəyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG