Accessibility links

İranda dini ayinlərini icra edən bəhayilər iqtisadi təzyiqlərlə üzləşir


Feridun Ağsani
Feridun Ağsani

1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhayi icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün iqtisadi təzyiqlərə məruz qalırlar.

Urmiyədə yaşayan bəhayi türklərindən Feridun Ağsaninin ərzaq mağazası iki il əvvəl İran polisinin ümumi məkanlara nəzarət bölməsi (Əmakin) məmurları tərəfindən möhürlənib.

İranın Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhayi türklər fərdi və kollektiv şəkildə İslam Respublikasının müxtəlif orqanlarının basqılarına məruz qalırlar.

İnsan haqları üzrə məlumat yayan HRA agentliyinə istinadən, 84 yaşlı Feridun hazırda möhürlü mağazanın önündə satıcılıq edərək ailəsinin dolanışığını təmin edir.

Feridun Ağsani 2017-ci ilin iyul ayında Urmiyədə mağaza və iş yerləri qapadılan 20-dən artıq bəhayi vətəndaşdan biridir.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bəhayi vətəndaşların mağazaları əksərən bəhayilərə məxsus dini münasibətlərdə açıq olmadıqları səbəbilə möhürlənir.

Urmiyəli bəhayilər mağazaları möhürləndikdən bəri öz qanuni hüquqlarını qorumaq üçün əlaqədar dövlət qurumlarına müraciət ediblər. Dövlət qurumu isə onlardan mağazalarını yenidən aça bilmək üçün öhdəlik məktubu imzalamalarını tələb edirdi.

HRA agentliyinin məlumatına görə, “bəhayilər azı 5 dəfə öhdəlik məktubunu imzalamaqdan imtina ediblər. Nəhayət onlar vətəndaşlıq hüquqlarına uyğun olaraq hazırlanan bir məktubu imzalayıblar və mağazaların bir çoxu 18 ay sonra yenidən fəaliyyətə başlaya bilib. Amma məktubu imzalamayan 84 yaşlı Feridun Ağsaninin mağazası möhürlü qalmağa davam edir.”

Xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhayi türklər fərdi və kollektiv şəkildə İslam Respublikasının müxtəlif orqanlarının basqılarına məruz qalırlar.

Keçən bir neçə il ərzində Təbriz və Urmiyə şəhərlərində vəfat edən bir çox bəhayi türkün öz doğma şəhərlərlərində dəfn edilməsinə icazə verilməyib və onlarla bəhayi peşəkarın iş yeri möhürlənib.

İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhayi incancını “azmışların firqəsi” adlandırırlar.

İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən, əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

XS
SM
MD
LG