Accessibility links

İranda koronavirusa görə məktəblər bağlanır


DUBAY- İran cümə günü ölkədə 34 nəfərin ölümünə səbəb olan koronavirus xəstəliyi ilə əlaqədar olaraq şənbə günündən etibarən bütün məktəblərin üç günlük bağlanacağını elan edib.

İran İslam Respublikasının 31 vilayətinin 23-də, o cümlədən paytaxt Tehran və şiə müsəlmanların müqəddəs Qum və Məşhəd şəhərlərində cümə namazı ləğv edilib.

"Dəyərləndirmələrə əsasən, ölkədəki bütün məktəblərin bağlanmasına ehtiyac olduğunu və bu səbəbdən sabahdan etibarən ölkədəki bütün məktəblərin üç günlük bağlanacağını bəyan edirik. Qarşıda nisbətən çətin bir həftə var ... tendensiyanı gördüyümüz üçün xəstəliyin növbəti həftə və günlərdə pik nöqtəyə çatacaq" deyə, Səhiyyə Naziri Səid Namaki açıqlama verib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Kyanuş Cahanpur dövlət televiziyasındakı çıxışı zamanı 388 nəfərin virusa yoluxduğunu bildirib.

Rəsmi İRNA xəbər agentliyinin səhiyyə nazirliyinin rəqəmlərinə istinadən yaydığı xəritəyə görə, virusun böyük əksəriyyəti üç vilayətdədir: Tehranda 128, Qumda 88, Gilanda 65 nəfər.

İranda yoluxanların arasında Səhiyyə Nazirinin müavini İrəc Harirçi və qadın və ailə işləri üzrə vitse-prezident Məsumə Ebtekar da var.

İran İslam Respublikası körfəz ölkələri arasında yeganə ölüm halları qeydə alınan ölkədir. Çində yayılmağa başlayan koronavirusa yoluxma hallarına Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanda da rast gəlinib.

Bəhreyndə koronavirusa yoluxanların sayı 36-ya, Küveytdə isə 45-a çatıb.

XS
SM
MD
LG