Accessibility links

İranda son 24 saatda koronavirusdan 123 nəfər ölüb


İran rəsmiləri koronavirusa qarşı mübarizə komitəsinin iclasında maska taxaraq iştirak edir, 21 mart, 2020.
İran rəsmiləri koronavirusa qarşı mübarizə komitəsinin iclasında maska taxaraq iştirak edir, 21 mart, 2020.

İranın Səhiyyə Nazirliyi şənbə günü son 24 saat ərzində koronavirus səbəbilə 123 nəfərin öldüyünü bildirib. Bununla İranda ölənlərin sayı 1556 nəfərə çatıb. Ölkədə koronavirusa 20000-dən çox yoluxma halının olduğu bildirilir.

Səhiyyə Nazirliyi ölüm hallarının bir gün öncə təsdiq edilmiş 149 nəfərdən az olduğunu vurğulayıb.

İranda bəzi müxalif mənbələr isə sosial mediada daha çox yoluxma və ölüm hallarının olduğunu və hökumətin bu haqda məlumat vermədiyini bildirib. Amerikanın Səsi bu iddiaları təsdiq edə bilməyib.

Sosial mediada məlumatlar və müxalif tele kanallara əsasən, iranlıların çoxy hökumətin Novruz bayramı günlərində evdə qalmaq xəbərdalığına əhəmiyyət verməyib.

Tehran küçələrində dezinfeksiya aparılır
Tehran küçələrində dezinfeksiya aparılır

İran televiziyasında məktəblər, məscidlər, müqəddəs ziyarətgahlar və hökumət binaları yaxınlığında dezinfeksiya aparıldığını göstərən video görüntülər yayımlanıb. Sosial mediada yerləşdirilmiş həvəskar videolarda Livanın Hizbullah qrupunun könüllülərinin insanların evlərini dezinfeksiya etmək üçün qapı-qapı gəzdiyi göstərilib.

Prezident Həsən Ruhani ABŞ hökumətini cümə günü sanksiyaların “İran xalqının sağlamlığını təhlükə altına aldığını və onların koronavirusa qarşı mübarizə qabiliyyətini “əhəmiyyətli şəkildə sarsadacağını” bildirərək, dayandırılmasına çağırıb.

ABŞ Dövlət katibi Mayk Pompeo prezident Trampla keçirilən mətbuat konfransında bu iddianı rədd edib.

“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım açıqdır. Buna sanksiya qoyulmayıb. Biz iranlılara yardım təklif etmişik. Biz həm humanitar yardımın çatdırılmasını asanlaşdırmaq, həm də bununla bağlı maliyyə transaksiyalarının təmin edilməsinə əmin olmaq üçün hər şeyi edirik. İrana gedən dərmanlara heç bir sanksiya yoxdur” – deyə, Pompeo bildirib.

İranın hazırda Fransada sürgündə yaşayan keçmiş baş naziri Əbülhəsən Bəni Sədr Amerikanın Səsinə deyib ki, ona çaran məlumatlara görə, “İran həqiqətən də ABŞ sanksiyalarına görə dərman ala bilmir” və Tramp “daha çox adamın ölməsinə yol verməmək üçün İrana yardım” məqsədilə daha artıq tədbir görməlidir. Onun sözlərinə görə, “başqa halda tarix onu bağışlamayacaq.”

Bəni Sədr deyib ki, İran “üç ayrı virusdan əziyyət çəkir: diktaturadan, iqtisadi sanksiyalardan və koronavirusdan”. Onun bildirdiyinə görə, “İran hökuməti virusa qarşı mübarizədə çox gec reaksiya göstərib və indi effektiv mübarizə aparmaq üçün vasitələrə malik deyil.”

XS
SM
MD
LG