Accessibility links

İranda türk qadınlar #MeToo kampaniyası başladıb


Bir millət vəkilinin təcavüzünə uğradığını söyləyən Zəhra Nəvidpurun gözlənilməz ölümünün doğurduğu əks-səda nəticəsində İran Azərbaycanında sosial medianın qadın istifadəçiləri beynəlxalq #MeToo hərəkatına qatılaraq türkcə #MənDə kampaniyası başladıblar.

Qadın istifadəçilər keçmişdə müxtəlif kişilər tərəfindən başlarına gələn cinsi, sözlü və ya hissi istismar hallarını #MeToo və #MənDə haştaglari ilə sosial şəbəkələrdə paylaşırlar.

Türk qadınlar #MənDə hashtagi ilə cinsi istismar təcrübələrini yazırlar. Banlara yetərli təlim görmədiyimiz üçün, biz bu toplumun erkəkləri səbəb olmuşuq.
Səid Nəimi, siyasi fəal

Təbrizli bir qadın daha əvvəl soyuqdəymə səbəbilə müraciət etdiyi həkimin onun bədəninə toxunduğunu twitterdə yazıb. O, həmin həkimin adı və ofisinin ünvanını da qeyd edib.

Başqa bir qadın avtobusda arxa oturacaqda oturan sərnişinin ona əl atdığını yazıb.

Bir istifadəçi evinin əşyasını daşımaq üçün icarəyə götürdüyü pikap maşını sürücüsünün, digər bir qadın isə bir mağaza sahibi tərəfindən istismara məruz qaldıqlarını açıqlayıblar.

Bəzi kişi istifadəçilər də yeniyetmə yaşlarında məruz qaldıqları cinsi istismar hallarını sosial şəbəkələrdə paylaşırlar.

#MənDə haştagı ilə keçmiş təcrübələrini yazanlara qarşı çıxanlar olsa da, onlara dəstək verənlərin də sayı az deyil.

Leyli Xudayı yazıb, “məsələ budur ki, fikir edirlər, #MənDə erkəklərə qarşı bir haştaqdır. Xeyr yoldaş! Bu sizin ananıza, bacınıza, həyat yoldaşınıza bir yardımdır. Bir köməkdir ki, qorxmasın, utanmasın, danışsın. Ki, siz atalar, qardaşlar, yoldaşlar onların hekayələrini eşidib anlayasınız.”

Zəhra Nəvidpurun ölümündən sonra, qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı narahatlıqlar geniş səviyyədə gündəmə gəlib.

Kişi istifadəçilərdən Mehdi Qaradaği isə belə yazıb, “#MənDə haştaqını oxuyanda, çoxlarımızın gözlə, çoxlarımızın dillə və bəzilərimizin əl və başqa yollarla bu faciələri yaşatmış olmağımız utancvericidir. Keçmişə bir şey edəmiriksə, gələcəyi danışmaqla sağlamlaşdıraq ən azından.”

Bir çox istifadəçiyə görə, #MənDə kampaniyasına qatılanların təcrübələrini türkcə yazması sevindirici haldır.

“Türk qadınlar #MeToo və #MənDə haştaqları ilə cinsi istismar təcrübələrini yazırlar. Banlara yetərli təlim görmədiyimiz üçün biz bu toplumun erkəkləri səbəb olmuşuq. Gələcək nəslin tərbiyəsində bu mövzunun diqqətə alınacağını ümid edirəm. Bir də ki, türkcə twitterimiz məzmun olaraq çox genişləyib. Bu əladır,” deyə siyasi fəal Səid Nəimi fars dilində paylaşıb.

Yanvarın 6-da Şərqi Azərbaycan vilayətində 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı narahatlıqlar geniş səviyyədə gündəmə gəlib.

Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda Məlikan və Binab şəhərlərinin millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

​İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalı və ya onun basqıları nəticəsində intihara məchur edildiyindən söz edirlər.

Bir neçə dönəmdir İran Parlamentində Məlikan (Məlikkəndi) və Binab şəhərinin millət vəkili olan 57 yaşlı Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandirlərindən biri və Ərdəbil vilayətində Ettelaat idarəsinin sədri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Keçmiş illərdə təcavüzə uğradıqlarını önə çəkərək həmin millət vəkilindən şikayət edən digər qadınlar da olub.

XS
SM
MD
LG