Accessibility links

İrandakı etirazlar zamanı ölənlərin sayı 5-ə çatıb


İranda artıq səkkizinci gecədir davam edən su qıtlığına qarşı etirazlarda bir nəfər güllələnib. Bununla da ölənlərin sayı ən azı beşə çatıb.

İyulun 23-də dövlət mediası IRIB-nin internet saytında yer alan xəbərə görə, Loristan əyalətinin Aligudarz şəhərindəki küçə etirazları zamanı daha iki nəfər güllə yarası alıb.

Human Rights Watch (HRW) insan hüquları təşkilatının yaydığı məlumata əsasən İran hüquq-mühafizə orqanlarının Xuzistan əyalətində başlayan etirazlar zamanı "həddindən artıq gücdən istifadə" etdiyi güman edilir.

Nyu-Yorkda qərargahlanan təşkilat nümayəndələri ölüm hallarını “şəffaf” şəkildə araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə eləcə də “ölkədə su ilə bağlı dair uzun müddətdir davam edən şikayətləri təcili həll etməyə” çağırır.

"İranlı rəsmilərin artan iqtisadi çətinliklərdən və yaşayış şərtlərinin pisləşməsindən məyus olan etirazçılara güllə ilə cavab verməsi çox narahat edici haldır" deyə HRW-un İran üzrə tədqiqatçısı Tara Sepehri Far açıqlamasında bildirir.

İran hazırda son 50 ilin ən quraq dövrü ilə qarşı-qarşıyadır. Su qıtlığı qismən iqlimlə əlaqəli amillərdən də qaynaqlanır. İsti yay mövsümündən əlavə ötən aylarda keçən illə müqayisədə yağışın səviyyəsi 40 faiz aşağı düşüb.

Mütəxəssislər İran hökuməti tərəfindən onilliklərdir səhv idarəçiliyin də quraqlığın artmasına səbəb olduğunu bildirir. Onlar rəsmiləri düzgün yerləşdirilməmiş hidroelektrik bəndlərin inşası və eləcə də Xuzistandakı çayları və bataqlıq ərazilərindən suyun qonşu bölgələrdəki sənaye sahələrinə yönəldilməsi səbəbindən əyalətdə içməli suyun tükənməsində günahlandırır.

Etirazlar başladıqdan sonra İran höküməti internetdə məhdudiyyətlər tətbiq etməyə başlayıb. İnternet xidmətlərinin kəsilməsinin monitorinqini aparan Netblocks bunu "dövlətin məlumata nəzarəti və ya hədəflənən internet bloklaması" adlandırır. Bloklamaların 15 iyul tarixində Xuzistan əyalətində etirazların başladığı gündən bəri qeydə alındığı bildirilib.

Bu arada İran xəbər agentlikləri Xameneiyə istinadən su çatışmazlığına etiraz edən iranlıları günahlandırmaq olmaz deyə bildirib.

O “hökumət və qeyri-hökumət təşkilatlarının müxtəlif qurumlarının" məsələni həll etməyə "çalışdıqlarını” bildirib.

"İnsanlar öz narazılıqlarını ifadə etdilər... amma insanları həqiqətən günahlandıra bilmərik və məsələlər həll edilməlidir" deyə Xameneyi bildirib.

XS
SM
MD
LG