Accessibility links

İranda etirazlar 7-ci gündür davam edir, 3 nəfərin öldüyü bildirilir


İranın quraqlıqdan əziyyət çəkən cənub-qərb bölgəsindəki su qıtlığı etirazları yeddinci gündür davam edir. İğtişaşların bir çox şəhərə yayıldığı xəbər verilir. Rəsmilər etirazlar zamanı ölənlərin olduğunu bildirir.

Sosial mediaya yerləşdirilən videolarda çərşənbə günü Susangerd və Məscid Süleyman şəhərləri də daxil olmaqla, Xuzistan əyalətinin bir çox yerində küçə etitazlarının davam etdiyi görünür.

Məscid Süleyman şəhərindəki etirazçılar təhlükəsizlik qüvvələrinin əvvəlki mitinqlərə sərt bir şəkildə müdaxilə etməsinə diqqət çəkərək "Polis, bizə dəstək olun" şüarları səsləndirir.

Başqa bir videoada isə İranın İsfahan əyalətinin Yazdenşəhr şəhərində olan etirazçıların Xuzistandakı nümayişləri dəstəklədiyi görünür.

İran höküməti tərəfindən dəstəklənən ILNA xəbər saytı Xuzistanın İzeh şəhərinin yüksək vəzifəli rəsmisi Həsən Nabutiyə istinadən xəbər verir ki, çərşənbə axşamı su çatışmazlığına qarşı keçirilən yerli nümayişlərdə bir nəfər həyatını itirib.

Nabuti həmin şəxsin nümayişlərdə yaralandığını və şəxsi maşınla xəstəxanaya aparılsa da öldüyünü bildirib. Təcavüzkarın kimliyini müəyyənləşdirmək üçün istintaqın aparıldığını deyən Nabuti etiraz aksiyalarında 14 təhlükəsizlik işçisinin də yaralandığını əlavə edib.

İran dövlət mediası əvvəllər cümə günü nümayişlər zamanı iki nəfərin silahla öldürüldüyünü bildirmişdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü keçirdiyi mətbuat kofnrası zamanı İrandakı etirazları diqqətlə izlədiyini bildirib. O, Xuzistanda “təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı barədə məlumatlar daxil olmaqla” gələn məlumatları diqqətdə saxladığını bildirib.

“İranlıların dinc şəkildə toplaşmaq və özlərini ifadə etmək hüquqlarını dəstəkləyirik. İranlılar digər insanlar kimi bu hüquqlardan zorakılıq qorxusu olmadan, təhlükəsizlik qüvvələri tərəfindən həbs olunma qorxusu olmadan istifadə etməlidir ” - deyə, Prays bildirib.

Ölkədəki bəzi tanınmış İran hüquq müdafiəçiləri Xuzistan etirazlarına həmrəylik ifadə etmək üçün çərşənbə axşamı Tehranda Daxili İşlər Nazirliyinin qarşısında mitinq keçirib. Videolarda toplanan qrupun tərkibində keçmiş siyasi məhbuslar Nərgiz Məhəmmədi, Araş Sadegi, Cəfər Əzimzadə və digər bir neçə fəalın olduğu görünür.

Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Twitterdə həyat yoldaşı da daxil olmaqla, mitinqdəki fəallardan bəzilərinin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs olunduğunu yazır. İran dövlət mediasında Məhəmmədinin taleyi barədə heç bir məlumat verilmir.

İrandakı su qıtlığı qismən iqlimlə əlaqəli faktorlardan da qaynaqlanır. İsti yay mövsümündən əlavə ötən aylarda keçən illə müqayisədə yağışın səviyyəsi 40 faiz aşağı düşüb.

Mütəxəssislər İran hökuməti tərəfindən onilliklərdir səhv idarəçiliyin də quraqlığın artmasına səbəb olduğunu bildirir. Onlar rəsmiləri düzgün yerləşdirilməmiş hidroelektrik bəndlərin inşası və eləcə də Xuzistandakı çayları və bataqlıq ərazilərindən suyun qonşu bölgələrdəki sənaye sahələrinə yönəldilməsi səbəbindən əyalətdə içməli suyun tükənməsində günahlandırır.

İran rəsmiləri dövlət mediasında son günlər su çatışmazlığı və etirazçılarara qarşı odlu silahdan istifadə ilə bağlı xəbərləri araşdırması üçün nümayəndə heyətlərini Xuzistana göndərdiklərini bildirir.

XS
SM
MD
LG