Accessibility links

İrandan Azərbaycana gətirilən 28 kiloqramdan çox narkotik maddə götürülüb


Son günlərdə Dövlət Sərhəd Xidməti Horadiz, Göytəpə və Lənkəran istiqamətində 28 kiloqram 390 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında naməlum şəxslər tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozulub.

Keçi­rilən axtarış təd­birləri nəticəsində Yardımlı rayonunun ərazisində ümumi çəkisi 7 kiloqram 225 qram narkotik maddə və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində 9 kiloqram 700 qram narkotik aşkar olunaraq götürülüb.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaları əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG