Accessibility links

İrandan gətirilən 33 kiloqram narkotik tutulub


Narkotik
Narkotik

Azərbaycan Dövlət Sərhəd Xidməti 33 kiloqram narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında İrandan Azərbaycan ərazisinə keçən Azərbaycanın Beyləqan rayon sakini Vüsal Ağayev saxlanılıb, ondan 33 kiloqram narkotik vasitə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) götürülüb.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaları əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

XS
SM
MD
LG