Accessibility links

İrandan narkotik gətirən şəxs öldürülüb


Azərbaycan İran sərhədində insident zamanı bir nəfər narkotik qaçaqmalçısının öldürüldüyü bildirilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 29-da külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi (Bakıdan 282 kilometr cənub-qərb) yaxınlığında 2 nəfər naməlum şəxsin İrandan Azərbay­can isti­qa­mətində dövlət sərhədini pozması aşkar olun­ub. Atışma nəticəsində sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb. Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kiloqram olan narkotikə bənzər maddə aşkar edilib,” məlumatda deyilir.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Öz növbəsində, sərhəd pozucusu kimi təqdim edilən şəxslərin vəkilləri və ya ailə üzvləri baş vermiş hadisə ilə bağlı hələ açıqlama verməyib.

Bundan öncə İran-Azərbaycan sərhədində narkotik qaçaqmalçıları ilə silahlı insident iyunun 17-də baş verib. Bir nəfər sərhəd pozucusu çayda boğulub, digəri İran ərazisinə qaçıb.

İyunun 17-də həmçinin Azərbaycan gömrükçüləri İrandan tranzitlə Ukraynaya gedən yük maşınından 108 kiloqram heroin aşkar edərək götürüb. Qeyd edək ki, bu, son iki ayda yük nəqliyyatı ilə İrandan gətirilən zaman aşkar edilən dördüncü böyük partiya narkotik maddədir.

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan daha öncə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 113 kiloqram narkotik vasitə aprelin 17-də tutulub. İki Azərbaycan, bir İran vətəndaşı həbs edilib.

Ümumilikdə son illər ərzində hüquq-mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, İranla sərhəddə silahlı insidentlər zamanı Azərbaycan sərhədçiləri də daxil olmaqla, bir neçə nəfər ölüb və ya yaralanıb.

XS
SM
MD
LG