İranda yaşayan tanınmış dissidentlər ABŞ prezidenti Co Baydenin administrasiyasını iranlılara ABŞ-ın onların vəziyyəti ilə maraqlandığını göstərmək üçün geniş-miqyaslı insan hüquqları pozuntularına görə İran rəsmilərini cavabdeh tutmaq üçün daha çox tədbir görməyə çağırıb.
Keçmiş iranlı siyasi məhbuslar Abbas Vahidian Şahrudi və Məhəmməd Nikbaxt İran diasporasının AVA Today xəbər saytının çərşənbə günü təşkil etdiyi Vaşinqton Milli Mətbuat Klubundakı konfransa İrandan video mesajlar göndərərək müraciət edib.
"Mən şəxsən prezident Co Baydenin əziyyətlərimizi və narahatlıqlarımızı başa düşdüyünə inanıram" deyə, Şahrudi bildirib.
“İran müxalifəti [İran rəhbərliyinin] iqtisadi dirçəlişinə səbəb olacaq maddi resursları təmin etməməyinizi xahiş edir. Biz həmçinin [rejimdə] insan haqlarını pozanların və onların ailələrinin Qərb ölkələrində işləmələrinin və inkişaf etmələrinin qarşısını alaraq, onları təqib etməyinizi xahiş edirik” – deyə, o, Baydenə müraciət edib.
Çərşənbə axşamı günü İsfahandan əvvəlcədən yazılmış video müraciətində Nikbaxt Bayden administrasiyasını insan haqları mövzusunu İranla istənilən danışıqların başına qoymağa çağırıb.
Nikbaxt "Rejimə təzyiq göstərmək üçün insan haqlarından istifadə etmək nəticə verəcək, çünki onlar bütün xalqı boğmaq iqtidarında deyillər. Xahiş edirəm, İran xalqının tərəfində qalın. İnsan hüquqlarını görməzdən gəlsəniz və ya əhəmiyyətini azaltsanız, İran xalqı düzəlməz itkilər verəcək və Amerika xalqına olan inamını itirəcək” – deyə, o qeyd edib.