Accessibility links

İranlılar sahibsiz itlərin qəddarlıqla öldürülməsinə etiraz edir


Tehran yaxınlığındakı Həştgerd şəhərində heyvanlar üçün sığınacaq
Tehran yaxınlığındakı Həştgerd şəhərində heyvanlar üçün sığınacaq

Heyvanların haqlarını müdafiə edən onlarla fəal ötən həftə sonu İran paytaxtında bələdiyyə tərəfindən sahibsiz itlərin öldürülməsinə etiraz edib.

Tehran bələdiyyəsi qarşısında etiraz aksiyaları sahibsiz itlərin iynə vurularaq inildəyib öldüyü göstərilən video görüntülərin İnternetdə yayılmasından sonra keçirilib. Fəallar itlərə turşu tərkibli iynə vurulduğuna inandıqlarını bildiriblər.

Video görüntülər sosial mediada geniş narazılığa səbəb olub və fəalların heyvanların müdafiəsi üçün qanunların hazırlaması çağırışlarını yenidən səsləndirməsinə gətirib çıxarıb.

Avqustun 19-da təhlükəsizlik rəsmilərinin güc tətbiq etdiyi etirazlar zamanı bir neçə nəfərin saxlanıldığı haqda məlumat verilib.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bələdiyyənin ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri videonun iki il əvvəl çəkildiyini və itlərin öldürülməsinə görə məsuliyyət daşıyan podratçı və onun müavininin işdən çıxarıldığını bildirib.

"Biz heç bir podratçı və ya səlahiyyətli orqanın Allahın yaratdıqları ilə humanist və İslam dəyərlərini pozaraq rəftar etməsinə icazə vermirik," rəsmi dövlət xəbər agentliyi İRNA Qulamhüseyn Məhəmmədinin sözlərinə istinadən məlumat verib.

Tehran Meri Piruz Hanaci avqustun 19-da Twitter səhifəsində bildirib ki, o, "pozuntular" barədə məlumat aldıqdan sonra podratçını işdən çıxarıb və qanunu pozanlara qarşı ciddi ölçülər götürülməsi, eyni zamanda gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər görülməsi haqda sərəncam verib.

Heyvanlara qarşı qəddar rəftarla bağlı ictimai narazılıqlar İslam respublikasında son illərdə mühafizəkar ruhanilər tərəfindən “murdar” sayılan itlər də daxil olmaqla, ev heyvanları sahiblərinin sayının artmasına gətirib çıxarıb. Son illər heyvan haqları müdafiəçiləri heyvanlara qarşı qəddar rəftar hallarını pisləmək və itlər və digər heyvanlarla humanist rəftara çağırmaq məqsədilə Tehranda və digər şəhərlərdə bir neçə ictimai etiraz aksiyası təşkil edib.

Sahibsiz itlər üçün sığınacaqlar və onları müdafiə edən vətəndaşların da sayının son illər artdığı müşahidə edilir.

XS
SM
MD
LG