Accessibility links

İranla sərhəddə Azərbaycanın iki hərbçisi həlak olub


Dövlət Sərhəd Xidməti

Mayın 15-də Azərbaycanın İranla sərhədinin Yardımlı rayonu­nun Gendərə kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında sərhəd pozucuları Azərbaycanın sərhəd naryadının əmrinə tabe olmayaraq atəş açıb.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının baş leytenantı Samir Eyvazov və kiçik giziri Fərid Alimov həlak olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə yerində təxminən 10 kiloqram narkotik maddələr aşkarlanıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, İran vətəndaşı olan sərhəd pozucularından biri saxlanılıb, digər ikisinin axtarışı davam etdirilir.

Dövlət Sərhəd Qoşunlarının Komandanı Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Dövlət Sərhəd Xidməti bildirir ki, hadisə barədə İran tərəfinə məlumat verilib.

İran tərəfi isə hələ hadisə ilə bağlı şərh verməyib.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın İranla sərhədində son narkotik aşkarlanması bu il mayın 4-də olub.

Azərbaycanın Biləsuvar gömrük məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana "Bitum membranı" yükü aparan yük avtomobilindən 480 ədəd bağlamada çəkisi 244 kiloqram 344 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqram 788 qram narkotik vasitənin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.

XS
SM
MD
LG