Fevralın 11-də İranla sərhəddə, Azərbaycanın “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, Zülfüqar Seyfullayev İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş.
“Həmin şəxs Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb. “Dövlət sərhədi haqqında” qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb”, xəbərdə qeyd edilir.
Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq hadisə ilə əlaqədar əməliyyat-istintaq hərəkətləri həyata keçirir.
Bununla yanaşı, Zülfüqar Seyfullayevin yaxınları və İran tərəfi sərhəddə baş verənlərə hələ münasibət bildirməyib.
Ümumiyyətlə Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə gətirilib. Son illərdə hüquq mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik götürülüb.
Eyni zamanda, dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.
İranla sərhəddə sonuncu silahlı insident 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Bu zaman İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum ollub ki, o əvvəllər də Azərbaycanın dövlət sərhədini qanusuz keçib və Azərbaycan sərhədçisini yaralayıb.
Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki halda təhlükəsizlik və sərhəd təhlükəsziliyi məsələləri diqqət mərkəzində olub.