Accessibility links

İraq parlamenti baş nazirin istefasını qəbul edib


İraq parlamenti ölkədə həftələrdir hökumət əleyhinə zorakılıqlarla müşayiət olunan nümayişlərin davam etdiyi vaxt bazar günü baş nazir Adil Əbdül Mehdinin istefasını qəbul edib.

Baş nazir cümə günü istefa qərarını İraqın ali şiə müsəlman din xadimi Ayətullah Əli Əl-Sistaninin parlamenti zorakılıqların qarşısını almaq üçün Əbdül Mehdi hökumətinə dəstəyini geri çəkməyə çağırmasından sonra verib.

“İraq parlamenti prezidentdən yeni baş nazirin namizədliyini irəli sürməsini istəyəcək”, parlamentin media ofisinin açıqladığı bəyanatda bildirilir.

Qanunvericilər bildirib ki, bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

Hökümət əleyhinə etirazların oktyabrın 1-də başlamasından bəri İraq qüvvələri tərəfindən azı 400 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Toqquşmalar zamanı təhlükəsizik qüvvələrinin də ondan çox üzvü ölüb.

Əbdül Mehdinin istefası etirazçılar tərəfindən alqışlansa da, korrupsiyada və ölkə əhalisini imkanlardan məhrum etməkdə ittiham olunmuş siyasi sistemin əsaslı şəkildə yenidən qurulması tələbi ilə keçirilən nümayişlərin sona çatacağı gözlənilmir.

Paytaxt Bağdad və İraqın cənub regionlarında nümayişlər bazar günü də davam edib. Polis və tibbi mənbələrin verdiyi məlumata görə, təhlükəsizik qüvvələri tərəfindən bir etirazçı öldürülüb, doqquz nəfər yaralanıb.

Bu, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra ölkədə ən geniş etirazlardır.

XS
SM
MD
LG