Accessibility links

İraqda etirazlar zamanı ölənlərin sayı 18-ə çatdı


Polis və səhiyyə mənbələrindən alınan məlumata görə, cümə axşamı gecə İraqın iki cənub şəhərində keçirilən etirazlar zamanı polis işçisi də daxil olmaqla, 11 nəfər ölüb. Beləliklə, hökumətə qarşı son iki gündə zorakılıqla müşayiət olunan etirtazlarda ölənlərin sayı 18-ə çatıb.

Nassiriyyə bölgəsində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar zamanı 7 etirazçı və 1 polisin öldüyü, Amarada isə daha 4 nəfərin öldüyü deyilir.

Baş Nazir Adil Əbdül Mehdinin əmri ilə komendant saatı tətbiq etmək üçün cümə axşamı Bağdadın mərkəzinə hərbi qüvvələr yerləşdirilsə də, nümayişlər səngimir.

Çərşənbə axşamı Bağdadda işsizlik, korrupsiya və dövlət xidmətlərinin keyfiyyətsizliyinə etiraz olaraq başlayan kiçik aksiyalar sonradan böyüyərək, iğtişaşlara çevrilib.

Təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, su şırnağı və gözyaşardıcı qazdan istifadə edib, və həmin gün azı 2 nəfər ölüb. Çərşənbə günü isə bir uşaq da daxil olmaqla əlavə 5 nəfər öldürülüb. Polis işçiləri də daxil olmaqla yüzlərlə insan yaralanıb.

Hökumətin bəyanatında deyilir ki, Bağdad hava limanına gedib-gələnlərə, təcili yardım maşınlarına, xəstəxanaların hökumət işçilərinə, su və elektrik idarələrinə, eləcə də zəvvarlara komendant saatı tətbiq edilmir. Əyalət qubernatorlarının bölgələrdə komendant saatı elan edib-etməyəcəyinə özləri qərar verməlidir.

XS
SM
MD
LG