Accessibility links

İsa Qəmbər: Seçkilər islahat nağıllarını ifşa etdi


İsa Qəmbər

Milli Məclisin keçmiş sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Milli Məclisin yeni tərkibi və parlament isalahatlarından danışıb.

Amerikanın Səsi: Milli Məclisin yeni tərkibi barədə nə deyə bilərsiniz? Yeni tərkibdə Milli Məclis əvvəlki tərkibdən nə ilə fərqlənir?

Deputatlar xalq tərəfindən seçilməyibsə, bir rejim tərəfindən, bir hakimiyyət tərəfindən təyin ediliblərsə, orada hər hansı bir fərqdən danışmağa ehtiyac qalmır.


İsa Qəmbər: Ciddi bir fərq yoxdur. Düzdür, köhnələrdən cəmisi səksənə yaxını qalıb, qırxdan bir-iki adam çox, guya, birinci dəfədir parlamentə gəliblər. Amma tərkibin dəyişməsi barədə o zaman danışmaq olardı ki, bu həqiqi bir seçki olsun, xalq tərəfindən, seçicilər tərəfindən səs alıb gəlsinlər parlamentdə əyləşsinlər. İndiki parlamentdə əyləşənlərin hamısı yenə də hakimiyyət tərəfindən, rejim tərəfindən təyin edilmiş adamlardır. Deputatlar xalq tərəfindən seçilməyibsə, bir rejim tərəfindən, bir hakimiyyət tərəfindən təyin ediliblərsə, orada hər hansı bir fərqdən danışmağa ehtiyac qalmır.

İsa Qəmbər: Seçkilər islahat nağıllarını ifşa etdi
please wait

No media source currently available

0:00 0:04:03 0:00

Amerikanın Səsi: Yeni tərkib Milli Məclisin rəhbər heyəti bütövlükdə dəyişib. Bu, parlament idarəetməsinə hansı yeniliklər gətirə bilər?

İsa Qəmbər: Təəssüf ki, eyni cavabı vermək məcburiyyətindəyəm. Heç bir yenilik olmayacaq. Çünki yeni rəhbərlik də hakimiyyətin tapşırıqlarını icra etməklə məşğul olacaq. Onların hər bansı bir müstəqil mövqeləri bəlkə də özləri üçün var, amma, onlar tutduqları vəzifələrdə müstəqil mövqe ifadə etməyəcəklər. Onlar Prezident Aparatından gələn tapşırıqları, hakimiyyətdən, rejimdən gələn tapşırıqları icra edəcəklər. Ona görə də heç bir ciddi yenilikdən söhbət gedə bilməz.

Amerikanın Səsi: Ölkədə parlament islahatlarını necə görürsünüz? Ölkə rəhbərləri növbədənkənar seçkilərin parlament islahatlarını dərinləşdirmək məqsədi ilə keçirildiyini bəyan edib. Siz necə düşünürsünüz?

Əgər ciddi bir islahat etmək fikrində olan varsa bunun üçün mütləq bir Konstitusiya Komitəsi yaradılmalıdır.


İsa Qəmbər: Məncə, hər hansı islahatdan söhbət gedə bilməz. 9 fevral seçkiləri hakimiyyətin islahat nağıllarına çox ciddi bir zərbə vurdu, tamamilə ifşa etdi, tamamilə heç bir islahatın olmadığını açıq şəkildə ortaya qoymuş oldu. Mənimsə fikrim odur ki, əgər ciddi bir islahat etmək fikrində olan varsa bunun üçün mütləq bir Konstitusiya Komitəsi yaradılmalıdır. Həmin komitəyə ölkənin görkəmli mütəxəssisləri, hüquqşünasları cəlb edilməlidir. Orada siyasi partiyaların, əsas sisyasi qüvvələrin təmsilçiləri də olmalıdır. Həmin komitə konstitusiyanı ya yenidən hazırlamalıdır, ya da ciddi şəkildə yeniləşdirməlidir. Orada ölkənin prezident respublikasından parlament respublikasına keçməsi öz həllini tapmalıdır. Proporsional seçkinin bərpası məsələsi həll olunmalıdır. Normal seçkilər keçirilməsi üçün gərəkən dəyişikliklər həyata keçirilməlidir. Yalnız ondan sonra növbədənkənar parlament seçkisi keçirib ciddi bir islahatlara başlamaq mümkün olacaq. Başqa cür mümkün deyil.

Amerikanın Səsi: Bir çox deputatlığa namizədlər alternativ və ya kölgə parlamentinin yaradılacağını bəyan edib. Bu mümkündürmü?

Bu seçkilərin ən önəmli nəticələrindən biri ondan ibarət oldu ki, yalnız siyasi partiyalar deyil, müstəqillər də hakimiyyətin nə cür total saxtakarlıqla parlament formalaşdırmasının şahidi oldular.


İsa Qəmbər: Bu seçkilərin ən önəmli nəticələrindən biri ondan ibarət oldu ki, yalnız siyasi partiyalar deyil, müstəqillər də hakimiyyətin nə cür total saxtakarlıqla parlament formalaşdırmasının şahidi oldular. Özlərinin nümunəsində bunu dərk etdilər, gördülər. Məhz ona görə də, bu seçkilərdən sonra yalnız siyasi partiyaların namizədləri deyil, müstəqil namizədlərin də bir çoxu bir araya gələrək birgə addımlar atmaq fikrini bəyan etdilər. Müsavat Partiyasında çox böyük bir toplantı keçirildi, bəzi başqa toplantılar da oldu. O proses davam edir. Müsavat Partiyasında keçirilən toplantıda işçi qrupu yaradılıb. Bu işçi qrupu toplantılarını davam etdirir. Orada alternativ paralament, kölgə parlamenti, xalq məclisi, adı önəmli deyil, hansısa bir şəkildə seçkilərdə iştirak etmiş aparıcı siyasi qüvvələrin və tanınmış ictimai xadimlərin birgə addımını müəyyənləşdirməyə çalışırlar. Hesab edirəm ki, bu çox önəmli bir prosesdir. Biz də, Müsavat Partiyasının üzvləri olaraq bu prosesə əlimizdən gələn dəstəyi verməkdə davam edəcəyik.

Qeyd: Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində qalib elan edilib.

MSK 4 seçki dairəsində və 328 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin azad, demokratik şəraitdə keçirildiyini, xalqın iradəsini əks etdirdiyini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG