Accessibility links

İsa Qəmbər: Təəssüf ki, Azərbaycan hakimiyyəti Lukaşenkonun saxta qələbəsini təbrik edib


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində ölkədəki son həbslər və Belarus seçkilərinin Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: 14-15 iyulda Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı aksiya keçirildi. Siz bu nümayişi necə səciyyələndirərdiniz, bu aksiya cəmiyyətin hansı messajlarını dövlətə, hökümətə çatdırdı?

İsa Qəmbər: Mən bu aksiyanı çox yüksək qiymətləndirirəm. Əslinə qalsa daimi bir sual var. Hətta xalqın içində bəziləri düşünür ki, cəmiyyət yorulub, Qarabağ unudulub. Amma mən hər zaman demişəm ki, Azərbaycan xalqı heç bir zaman Qarabağın işğalı ilə razılaşmayıb və razılaşmayacaq. Bunu 2016-cı ilin aprel döyüşləri zamanı gördük. 2020-ci ilin Tovuz döyüşləri zamanı da gördük ki, xalqda böyük bir həyacan yarandı. Xalq ayağa qalxdı, xalq cəbhədən gələn müsbət xəbərə ruhlandı, hər bir pis xəbərə kədərləndi. İtkilərlə bağlı böyük kədər yaşandı. Bu, Azərbaycan xalqının hakimiyyətə də, dünyaya da bir mesajıdır ki, biz heç bir zaman torpaqlarımızın işğal edilməsi ilə razılaşmayacayıq, bunu qəbul etməyəcəyik. Qarabağ işğaldan azad edilənə qədər, bütün işğal olunmuş torpaqlar üzərində Azərbaycanın suverenliyi bərpa edilənə qədər xalqın bu mövqeyi davam edəcək. 14-15 iyul aksiyası da, həmin gündən əvvəl də, sonrakı günlər də bölgələrdə və Bakıda xalqın aksiyaları, mitinqləri, yürüşləri də məncə bundan xəbər verirdi. Bunu da Azərbaycan hakimiyyəti nəzərə almalıdır. Dünya da bunu dərk etməlidir, başa düşməlidir.

İsa Qəmbər: Təəssüf ki, Azərbaycan hakimiyyəti Lukaşenkonun saxta qələbəsini təbrik edib
please wait

No media source currently available

0:00 0:08:59 0:00

Amerikanın Səsi: Aksiya iştirakçılarının parlament binasına daxil olmasının müxtəlif yozumları var. Hakimiyyət bunun müxalifətin və konkret AXCP-nin təxribatı olduğunu deyir və hətta dövlət çevrilişinə cəhd kimi də qiymətləndirir. AXCP isə hakimiyyəti repressiyaları əsaslandırmaq üçün təxribat törətməkdə günahlandırır. Sizin fikrinizcə, əslində nə baş vermişdir?

Burada təxribat varsa, bu, hakimiyyətin içindən gələn təxribatdır.


İsa Qəmbər: Hakimiyyətin versiyası heç bir şəkildə inandırıcı deyil. Çox sadə bir səbəbə görə. Gecə vaxtı parlamentin qapıları niyə açıq idi? Niyə xalqın yürüşünü müşahidə edən çoxsaylı polis, hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin qarşısında dayanmadılar, azsayı yürüş iştirakçılarının parlament binasına daxil olmasının qarşısını almadılar? Əksinə qapı taybatay açıldı və insanların da bir qismi içəri keçdi. Burada təxribat varsa, bu, hakimiyyətin içindən gələn təxribatdır. Çünki nümayişçilərin, nə bitərəflərin, nə partiya üzvlərinin əlində açar yox idi ki, parlament binasının qapısını açsınlar və ora keçməyə imkan yaransın. Bu baxımdan təxribat varsa, bu təxribatın törədiciləri hakimiyyətin içindədir. Əgər hakimiyyət maraqlı olsa, asanlıqla bu məsələni araşdırıb, nədən qapılar açıq idi, nədən onlar girib ora, bunlar aydınlaşdırıb 3-5 təxribatçı varsa onları müəyyənləşdirə bilər. Bu təxribatçıların hərəkətinə uyub həyacanlı halda parlamentin binasına daxil olanları da uzaqbaşı inzibati xəbərdarlıq edə bilərdi. Ancaq hakimiyyətin çoxsaylı həbslər həyata keçirməsi, xüsusən AXCP üzvlərinə qarşı bu cür həbslər həyata keçirməsi, onların bəzilərini guya dövlət çevrilişi hazırlamaqda ittham etməsi hakimiyyətin məramlarından xəbər verir. Hakimiyyətin xalqın bütövləşməsindən, xalqın fəallaşmasından, xalqın öz hüquqlarını tələb etməsindən narahat olduğunu göstərir.

Konkret deyilir ki, bu repressiyalar, işgəncələr həyata keçirən məmurlara qarşı, Azərbaycan hakimiyyətinin təmsilçilərinə qarşı sanksiyalar tətbiq oluna bilər.


Amerikanın Səsi: Bu hadisələr fonunda kütləvi həbslərlə əlaqədar artıq Qərbdən hökümətə təpkilər gəlməkdədir. Sizcə bu mesajlar ritorika olaraq qalacaq, yoxsa bunun arxasından sərt diplomatik təzyiq və hatta sanksiyalar gələ bilər?

İsa Qəmbər: Mən hesab edirəm ki, beynəlxalq birliyin mövqeyi kifayət qədər yekdil mövqedir. Görürsünüz ki, müxtəlif dövlətlərdən xəbərdarlıqlar gəldi. Müraciətlər gəldi. Beynəlxalq təşkilatlardan da müraciət oldu ki, bu repressiyalara son qoyulsun. Həbslərə, xüsusən də işgəncələrə son qoyulsun. Bu, məncə beynəlxalq birliyin ciddi bir reaksiyasıdır. Sanksiya xəbərdarlıqları da ciddi xəbərdarlıqlardır. Konkret deyilir ki, bu repressiyalar, işgəncələr həyata keçirən məmurlara qarşı, Azərbaycan hakimiyyətinin təmsilçilərinə qarşı sanksiyalar tətbiq oluna bilər. Bu, ciddi bir xəbərdarlıqdır. Məncə hakimiyyətin bu xəbərdarlığı ciddiyə alması da lazımdır. Bunun qarşısını almağının çox sadə bir yolu var. Saxta siyasi sifarişlərlə həbs olunan şəxslərin hamısı azadlığa buraxılmalıdır. İşgəncə verənlər müəyyənləşdirilib qanun qarşıında cavab verməlidirlər. Hakimiyyət bu istiqamətdə addımlar atarsa təbii ki, sanksiyalar olmayacaq. İstənilən halda hakimiyyət sanksiyalar istəmirsə represiyalar dayandırılmalıdır. Elə addımlar atmalıdır ki, cəmiyyətdə müəyyən dərəcədə heç olmasa sakitlik bərqərar olsun. Heç olmasa həmin yürüş-mtinqdən əvvəlki vəziyyətə dönüş olsun. Bütövlükdə isə Azərbaycan hakimiyyəti beynəlxalq aləmlə normal münasibətlər istəyirsə, bütün siyasi məhbuslar bir nəfər kimi azadlığa buraxılmalıdır. İyirmi birinci əsrdə özünü müstəqil dövlət adlandıran dövlətə yaraşmaz ki, siyasi məhbuslar siyahısında dünyada ön yerlərdən birini tutsun. Buna son verilməlidir.

Amerikanın Səsi: Deyək ki, hətta olsa belə Azərbaycanı nələr gözləyə bilər?

İsa Qəmbər: Sanksiyalar olacaqsa Azərbaycanın təcridi istiqamətində proses gedəcək. Onsuz da bir tərəfdən neftin qiymətlərinin aşağı düşməsi, digər tərəfdən koronavirus bəlasına görə, pandemiyaya görə böyük çətinliklər yaşayan Azərbaycan daha çox çətinliklərə düçar qalacaq. Bu da ölkədə sosial gərginliyi daha da artıra bilər. Hesab edirəm ki, bu, hakimiyyətin də marağında olmamalıdır.

Amerikanın Səsi: Azərbaycanda olan bu münasibətlər fonunda Belarusda baş verənləri necə müqayisə edərdiniz?

Belarusdakı hadisələrin Azərbaycana da dəxli var.


İsa Qəmbər: Dünya qloballaşmağa doğru gedir. Hətta koronavirus pandemiyası müəyyən problemlər yaratsa da, dünyanın bütövləşməsi prosesini dayandırmayıb. Buna görə də Belarusdakı hadisələrin Azərbaycana da dəxli var. Azərbaycanda baş verənlərin də Belarusa dəxli var. Məsəl üçün, təsadüfi deyil ki, Belarus ictimaiyyətin nümayəndələri kədərli şəkildə qeyd edirlər ki, artıq 8 ölkədən Lukaşenkonun saxta seçkilərinə təbriklər gəlib. Mən heç istəməzdim ki, Azərbaycan bu səkkiz ölkənin içində olsun. Təəssüf ki, Azərbaycan hakimiyyəti də Lukaşenkonun bu saxta seçkilərdəki saxta qələbəsini dırnaqarası təbrik edib. Bu da aydın məsələdir ki, yolverilməz hadisədir. Mən təəssüflə qeyd eləmək istəyirəm ki, nəinki Azərbaycan hakimiyyəti, hətta Azərbaycanın demokratik ictimiayyətin daxilində də bəziləri Belarusda gedən proseslərə dolasıyla haqq qazandırır. Gah deyirlər Lukaşenko Azərbaycana tərəfdardır. Gah deyirlər ki, Belarusla Azərbaycan arasında münasibətlərə görə bir az Azərbaycan susqun dayanmalıdır bu vəziyyətdə. Mən bunu qəbul eləmirəm. Lukaşenko deyir ki, mən 80 faizdən artıq səs toplamışam. Aydın məsələdir ki, bu, yalandır. Bu yalan mövqeyi müdafiə eləyənləri başa düşmək mümkün deyil. Yalanı müdaifə edənlərin ya intellektual problemləri var, ya da ki, mənəvi siyasi əxlaqi problemləri var. Çünki yalana dəstək verməyi heç bir şəkildə qəbul etmək olmaz. Mən hesab edirəm ki, Belarus xalqının iradəsini gerçəkləşdirməsi, xalqın seçdiyi insanların hakimiyyətdə olması bütün dünyada vəziyyətin daha da yaxşılaşmasına və nəticədə əvvəl-axır Azərbaycanla münasibətlərdə sağlam bir prosesə təkan verə bilər. Əvvəl-axır, onsuz da bütün dünyada demokratiya dəyərləri, həqiqi seçkilər, insan haqlarına sayğı qalib gələcək. Azərbaycanda da bu istiqamətdə nə qədər tez addımlar atımağa başlayarsa, bir o qədər Azərbaycanın maraqlarına, xalqımızın maraqlarına uyğun olar.

XS
SM
MD
LG