Accessibility links

İslam Dövləti qrupu Kabildəki hücumun məsuliyyətini üzərinə alıb


Əfqanıstan rəsmiləri şənbə günü Kabilin mərkəzində 25-ə yaxın minomyot mərmisinin atıldığını və nəticədə azı səkkiz nəfərin öldüyünü, 31-dən çox insanın yaralandığını bildirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian deyib ki, mərmilər iki maşının arxasından atılıb və şəhər mərkəzinin bir neçə hissəsinə tuş gəldiyini bildirib.

Cihadçı təşkilatların onlayn fəaliyyətini izləyən SITE Kəşfiyyat Qrupu İslam Dövləti terror qrupu hücumun məsuliyyətini üzərinə aldığını bildirib.

Taliban qiyamçı qrupunun sözçüsü şənbə günü baş verən ölümcül hücumda əli olduğunu inkar edib.

İranın Kabildəki səfirliyi bildirib ki, mərmilərdən biri səfirliyin ərazisinə düşüb.

“Xoşbəxtlikdən ölən olmayıb və səfirlik işçilərinin hamısının səhhəti yaxşıdır. #Əfqanıstan,” diplomatik missiya Twitter-də yazıb.

Bu ayın əvvəli intiharçı gödəkcə taxan İslam Dövləti qrupunun üç silahlı şəxsi Kabil Universitetə daxil olaraq əksəriyyətinin əfqan tələbələr olan 22 nəfəri öldürüb. Hücum zamanı universitetdə İran səfiri də olub, lakin o, xəsarət almayıb.

Terror təşkilatı mart ayında Kabildə prezindetin inaqurasiya mərasimini həfəf alan bənzər hücumun məsuliyyətini üzərinə almışdı.

Hadisə ABŞ dövlət katibi Mayk Pompeonun Qətərin paytaxtı Dohadan Taliban və Əfqanıstan hökümətinin vasitəçiləri ilə planlaşdırdığı ayrı görüşlərdən bir neçə saat öncəyə təsadüf edib.

Əfqanıstanlı rəqiblər sentyabr ayının əvvəlindən bəri ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparır, lakin proses çərçivə ilə bağlı mübahisələr səbəbilə dalana dirənib.

Pompeo Avropa və Yaxın Şərqdə yeddi günlük səfərdədir. Dövlət Departamenti cümə günü ABŞ-ın baş diplomatının Dohada dayanacağı zaman Qətər liderləri ilə də görüşəcəyini bildirib.

ABŞ-ın Kabildə müvəqqəti səfiri olan Ross Vilson hücumu qınayıb.

“Əfqanlar dəhşət içində yaşamamalıdırlar. Mən qurbanların ailələrinə başsağlığımı çatdırıram...BirləşmişŞtatlar bu cür hücumların qarşısını almaq və hücumları törədənləri cavabdeh tutmaq üçün əfqan həmkarlarımızla əməkdaşlıq etməyə davam edəcək,” Vilson Twitter-də yazıb.

Şənbə günü baş verən hücum son zamanlarda Əfqanıstan təhlükəsizlik qüvvələri ilə Taliban qiyamçıları arasında döyüşlərin artması fonunda baş verib. Bu döyüşlər nəticəsində təkcə noyabr ayında hər iki tərəfdən onlarla döyüşçü, habelə mülki vətəndaşlar həlak olub.

XS
SM
MD
LG