Accessibility links

İsmayıl Axundov: Azərbaycanda beş erməni, Ermənistanda iki azərbaycanlı əsir var


İsmayıl Axundov

“Hazırda iki azərbaycanlı mülki şəxs erməni əsirliyindədir. Azərbaycanda isə beş erməni əsilli şəxs saxlanılır. Onlardan 2-i hərbi, 3-ü mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib.”

Bu barədə yanvarın 5-də mətbuat konfransında Əsir və İtkin Düşmüş, Girov Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O bildirib ki, Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabrda erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçuları Ermənistana təhvil verilib.

“2020-ci ilin dekabrın 14-də Azərbaycanın 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək, vətənə gətirilib. Üçtərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. İndiyədək Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs - 33 hərbçi və 25 mülki şəxs geri verilib,” o, qeyd edib.

Komissiya sədrinin sözlərinə görə, bu günədək döyüş bölgəsindən 334 Azərbaycan, 988 erməni hərbçisinin cənazəsi çıxarılıb.

O bildirib ki, hazırda bu proses davam etdirilir.

Çərşənbə axşamı Yerevanda itkin düşmüş erməni hərbçilərinin yaxınları etiraz aksiyası keçirib. Ermənistanda itkin düşmüş hərbçilərin sayı barədə dəqiq məlumat verilməyib. Qeyri-rəsmi mənbələr bir neçə yüz erməni hərbçisinin itkin düşdüyünü güman edir.

Erməni rəsmi mənbələri 5 yanvarda döyüş bölgəsində daha 6 hərbçinin, 3 mülki şəxsin cəsədinin aşkar edildiyini bildirib.

“Yanvarın 4-dək döyüş bölgələrində 1184 hərbi və mülki şəxslərin cəsədləri aşkar edilib,” özünü "Dağlıq Qarabağ Fövqəladə Hallar Xidməti" adlandıran qurum bildirib.

Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan yanvarın 4-də deyib ki, bu günə qədər məhkəmə tibbi ekspertiza xidmətinin işçiləri 3,360 hərbçinin cəsədlərini müayinə edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatıan görə isə döyüşlərdə ölkənin 2823 nəfər hərbçisi həlak olub. Məlumatda deyilir ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də intensiv hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsinə, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Şərhlərə bax

XS
SM
MD
LG