Accessibility links

İsrail 7 oktyabr terror hücumunun müəllifi olmuş HƏMAS liderini öldürdü


Yəhya Sinvar
Yəhya Sinvar

İsrail ordusu cümə axşamı Qəzza zolağında üç silahlını hədəf aldığı əməliyyatdan sonra HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib.

İsrail qüvvələri təsadüfən və Sinvarın yerini bilmədən Qəzzanın cənubundakı binada HƏMAS lideri və onun iki silahdaşı ilə üz-üzə gəldikdən sonra atəş açıblar.

İsrail dərhal 61 yaşlı Sinvarı öldürdüyündən şübhələnib, lakin ölüm faktını yalnız DNK testi və stomatoloji təhlildən sonra təsdiqləyib.

"Oktyabr 7-də törədilmiş qırğınlıara və vəhşiliklərə görə məsuliyyət daşıyan kütləvi qatil Yəhya Sinvar bu gün İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülüb," İsrail xarici işər naziri İsrael Katz bəyan edib.

Katz Sinvarın ölümünü girovların azad edilməsi və Qəzzada yeni reallığın yaranması üçün imkan kimi dəyərləndirib.

İsrail baş naziri Benyamin Netanyahu yaydığı video müraciətdə Qəzzanın sakinlərinə Sinvarın onların həyatlarını alt-üst etdiyini bildirib və tiranlıqdan yaxa qurtarmaq üçün fürsət yarandığını qeyd edib.

"Bu gün şər ağır zərbə aldı - qarşımızdakı missiya hələ də bitməmiş qalır," Netanyahu deyib. O, Sinvarın ölümünü HƏMAS-ın Qəzzadakı hökmranlığının sonu kimi xarakterizə edib.

ABŞ Prezidenti Co Bayden deyib: "Bu, İsrail, Birləşmiş Ştartlar, və dünya üçün yaxşı bir gündür."

Bayden əlavə edib ki, HƏMAS-ın hakimiyyətdən getməsi israillilər və fələstinlilər üçün daha yaxşı gələcəyə yol aça bilər.

"Yəhya Sinvar bütün bu məqsədlərin qarşısında ciddi bir maneə idi. O maneə artıq yoxdur. Lakin qarşısmızda görüləsi çox iş qalır."

Qəzza müharibəsinə səbəb olan 2023-cü il oktyabrın 7-də İsrailə hücumun baş memarı Sinvar, o vaxtkı lider İsmayıl Haniyənin avqust ayında Tehranda öldürülməsindən sonra HƏMAS-a lider seçilmişdi. İran Haniyənin qətlində İsraili günahlandırır.

Bu arada, Qəzzanın şimalındakı səhiyyə rəsmiləri cümə axşamı İsrail hava qüvvələrinin məcburi köçkün fələstinlilər üçün sığınacağa çevrilən məktəbə hava hücumu nəticəsində 5-i uşaq olmaqla, azı 14 nəfərin öldüyünü bildirib.

İsrail ordusu bildirib ki, onların hədəfi İsrail qüvvələrinin bir həftədən artıqdır hava və qurudan hücumlar həyata keçirdiyi Cəbəliyədəki məktəbə toplaşan onlarla HƏMAS və İslami Cihad döyüşçüsü olub.

İsrail hərbçiləri ərazidə militant kimi tanıdığı onlarla insanın adı olan siyahını təqdim etsə də, həmin adları dərhal dəqiqləşdirmək mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Qəzzanın şimalındakı təcili yardım şöbəsinin rəhbəri Faris Əbu Həmzə ölənlərin sayını təsdiqləyib və onlarla insanın yaralandığını bildirib. Onun sözlərinə görə, yaralılar yaxınlıqdakı Kamal Ədvan xəstəxanasında müalicə edilir.

O, "Çox sayda qadın və uşaqların vəziyyəti ağırdır" deyib.

HƏMAS-ın rəhbərlik etdiyi militantlar bir il əvvəl, oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, əksəriyyəti mülki şəxs olmaqla, 1200-ə yaxın insanı qətlə yetirib, 250-yə yaxın insanı girov götürüb.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu nəticəsində 42 mindən çox fələstinli ölüb. İsrail ordusu ölənlər arasında minlərlə militantın olduğunu bildirib.

Forum

XS
SM
MD
LG