Accessibility links

İsrail Azərbaycan ərazisindən İrana dron buraxır? - Qərb mediası


The New York Times Magazine “İranı vurmaqdan ötrü təzyiqin gizli tarixçəsi” adlı geniş məqalə dərc edib. Müəlliflər Ronen Bergman və Mark Mazzetti yazırlar ki, 2017-ci ilin iyulunda Ağ Ev İran məsələsində yolayrıcında qalmışdı. Prezident Tramp seçki kampaniyası zamanı “dəhşətli” nüvə sazişindən çıxmaq vədi vermişdi. Onun kabinet üzvləri isə prezidenti daha güclü razılaşma üzrə danışıqlar aparmağa çağırırdılar. İkincilər uduzdu, Tramp ötən il nüvə sazişindən çıxdı.

Obama administrasiyası dövründə Pentaqonda çalışmış Ilan Goldenberg İranla nüvə sazişi əldə olunmamışdan mövcud durumu üçtərəfli blef kimi xarakterizə edir. İsrail dünyanı inandırmaq istəyirdi ki, İranın nüvə proqramını vuracaq (ancaq hələ qərar verməmişdi). İran dünyanı inandırmaq istəyirdi ki, nüvə silahı əldə edə bilər (ancaq hələ bomba hazırlamağa başlamaq qərarı verməmişdi). Birləşmiş Ştatlar dünyanı inandırmağa çalışırdı ki, İranın bomba hazırlamasını önləməkdən ötrü hərbi gücdən istifadəyə hazırdır (ancaq heç vaxt kartları açmadı).

Hər üç tərəf bu təhdidlərin etibarlı görünməsinə çalışırdı, digər tərəflərin gözünü nə vaxt qırpacağından əmin deyildi.

ABŞ-İsrail münasibətlərinin pərdəarxası

Müəlliflərin fikrincə, Trump-ın məqsədi İran iqtisadiyyatını sanksiyalarla vurmaq, ölkə liderlərini nüvə sazişi üzrə yenidən danışıqlar aparmağa məcbur etməkdir. Ancaq İranın 2020-ci ilin noyabrınadək, Amerikada yeni prezident seçilə biləcəyi seçkiyədək sınacağına da ümid bəslənir.

Məqalədə Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliyindən də söz açılır. Amerika, İsrail və Avropanın onlarla indiki və keçmiş məmurları ilə bir neçə ay ərzində aparılmış söhbətlər indiyədək eşidilməyən detalları üzə çıxarıb. İsrail ordusu 2012-ci ildə İranı vurmağa çox yaxın imiş; Obama administrasiyası belə bir hücum halında özünün hərbi qabaqlayıcı planlarını hazırlayıbmış. Hətta Birləşmiş Ştatların qərbində bir səhrada İranın nüvə obyektinin tammiqyaslı maketi 30 min paundluq bombayla dağıdılıbmış.

Prezident Obama ilə İsrail baş naziri Netanyahu arasında münasibətlər isti olmayıb.
Prezident Obama ilə İsrail baş naziri Netanyahu arasında münasibətlər isti olmayıb.

“İsrail İrana göz qoyduğu zaman amerikalılar da İsrailə göz qoyurdu. İsrail Azərbaycanda bir bazadan İrana kəşfiyyat dronları buraxanda Amerikanın peykləri bunun fotolarını çəkirdi,” məqalədə deyilir.

Keçmiş prezident Barak Obama İsrailin İrana qəfil zərbəsinin mümkünlüyünü ciddi qəbul edirmiş. “Amerikanın kəşfiyyat peykləri İsrail dronlarının Azərbaycanda bazalardan qalxmasını və İranla sərhədin cənub hissəsi üzərində uçmasını izləyirdi. Bu dronlar İranın nüvə obyektlərinin gen-bol şəkillərini çəkir, həm də İranın havadan müdafiə qüvvələrinin bu müdaxiləni müəyyənləşdirmə qabiliyyətini yoxlayırdı. Amerikanın hərbi liderləri israillilərin hücum üçün hansı dövrü seçəcəyi... üzərində baş sındırırdılar. Hərbi planları quranlar Tehranın İsrailin zərbəsinə necə cavab verəcəyi, Amerikanın buna necə cavab verməli olmasını çək-çevir edirdilər,” məqalədə deyilir.

İraqa da dron buraxılır?

Avqustun 28-də The Guardian qəzetində dərc olunmuş məqalədə də oxşar iddia səslənir. Məqalədə deyilir ki, İraqdakı şiə militantlar İsrailin Azərbaycandan buraxdığı dronlarla bu ölkənin şimalında və mərkəzində hədəfləri vurduğunu iddia edirlər. Region rəsmiləri İraqın həmin hissələrindən İsrail yaxınlığındakı İran mövqelərinə silah göndərildiyini bildirirlər.

İranın müttəfiqi, İraqın Xalq Səfərbərlik Bölmələrinin lider müavini Əbu Mehdi əl-Mühəndis deyib: “Bizdə olan dəqiq və təsdiqlənmiş informasiyaya görə, bu il amerikalılar Azərbaycan ərazisindən İsrailin dörd dronunu buraxıblar. Bu dronlar ABŞ qüvvələri tərkibində uçuşlar gerçəkləşdirəcək, İraqın hərbi bazalarını hədəfə alacaq”.

Azərbaycan təkzib edir

“Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur”. Bunu Azərbaycan Müdafiə Nazirliyindən “Turan” agentliyinə bildiriblər .

Nazirlikdən vurğulayıblar ki, bütün bunlar dezinformasiya məqsədilə yayılıb.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG