Accessibility links

İsrail münasibətlərin normallaşmasına baxmayaraq BƏƏ-yə F-35 satışına qarşı çıxır


İsrailin bölgədəki hərbi üstünlüyünün saxlanmasının vacibliyini qeyd edən baş nazir Benyamin Netanyahu Körfəz ölkəsi ilə münasibətləri yoluna qoymasına baxmayaraq, İsrailin ABŞ-ın F-35 döyüş təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə satılmasına qarşı çıxacağını deyib.

Bu açıqlama İsrailin “Yedioth Ahronoth” qəzetində yer alan xəbərdən sonra verilib. Xəbərdə Tramp administrasiyasının ötən həftə ABŞ-ın vasitəçiliyi ilə Körfəz dövləti ilə İsrail arasında əlaqələrin normallaşdırılmasının bir hissəsi olaraq, Vaşinqtonun BƏƏ ilə "nəhəng" F-35 sövdələşməsi planlaşdırdığı qeyd olunub.

ABŞ-ın Qüdsdəki səfirliyi və BƏƏ hökumətinin nümayəndələri məsələ ilə bağlı dərhal şərh verməyib.

On illiklər əvvəl əldə edilmiş razılaşmalara əsasən, Vaşinqton Yaxın Şərqə İsrailin "keyfiyyətli hərbi üstünlüyünü" (QME) əngəlləyə bilən silah satışlarından çəkinmişdi. Bu razılaşma, İsrailin aldığı və yerləşdirdiyi, amma ərəb ölkələrinə satışı rədd edilmiş F-35-ə də aiddir.

"İsrail danışıqlarda (BƏƏ ilə münasibətlərin normallaşdırılması sazişinə dair) Yaxın Şərq ölkələri ilə silah və müdafiə texnologiyalarının (hərbi) balansını poza biləcək silah satışına qarşı davamlı mövqeyini dəyişdirmədi" - deyə, Netanyahunun ofisinin açıqlamasında bildirilir.

Açıqlamada əlavə edilir ki, buraya təklif olunan hər hansı F-35 satışının qadağası da daxildir.

Tramp administrasiyası ötən cümə axşamı normallaşdırma açıqlamasından sonra BƏƏ-yə dəqiqləşdirilməyən yeni ABŞ silahlarının satışının mümkünlüyünə işarə edib.

Netanyahunun təhlükəsizlik kabinetində müşahidəçi olan İsrailin Enerji naziri Yuval Steynitz ABŞ-ın əvvəlki administrasiyalarının "istəklərimizə qarşı" BƏƏ-nin İsrailə nisbətən daha inkişaf etmiş F-16 döyüş təyyarələri, həmçinin Səudiyyə Ərəbistanına F-15 döyüş təyyarələrini satdığını qeyd edib.

Steinitz Kan radiostansiyasına Vaşinqton F-35-ləri BƏƏ-yə satsa da İsrail üçün təhlükə yaratmayacağını deyib. Onun bildirdiyinə görə, ölkələr arasındakı məsafə yanacaq doldurmadan reaktiv təyyarənin qət edə biləcəyi məsafədən iki dəfədən daha çoxdur.

XS
SM
MD
LG