İsraildə ötən həftə keçirilən seçkidən sonra ölkənin prezidenti baş nazir Benyamin Netanyahunu yeni hökümətin formalaşdırılmasına çağırıb.
Prezident Ruven Rivlin bunu çərşənbə günü Netanyahu və onun əsas rəqibi Benni Qantzla görüşdən sonra bildirib.
Çərşənbə günü açıqlanan yekun nəticələrə əsasən, Netanyahunun Likud partiyası 120 yerlik parlamentdə 32, Qantzın Mavi və Ağ partiyası isə 33 yer qazanıb. Hər iki partiya digər müttəfiqlərinin dəstəyi olsa belə lazım olan 61 yerlik çoxluğu əldə edə bilməyib.
Rivlin Netanyahu ilə Qantz arasında birlik höküməti yaratmaqla bağlı razılıq əldə etmək ümidi ilə bu həftə siyatəsçilər arasında iki görüşə vasitəçilik edib.
Lakin danışıqlar yeni birlik hökümətə kimin başçılıq edəcəyinə dair mübahisələr səbəbilə dayandırılıb.
Qantz deyib ki, o, Netanyahunun hüquqi problemləri səbəbilə onun başçılıq etdiyi hökümətdə iştirak etməyəcək.
İsrailin baş prokuroru Netanyahuya qarşı saxtakarlıq, rüşvətxorluq və etimadın pozulması ittihamları irəli sürüb.
Baş nazir isə bu ittihamları rədd edir.
Əgər Netanyahu altı həftə ərzində hökümət yarada bilməsə, prezident Rivlin başqa namizəd seçə bilər. İkinci namizəd də hökümət formalaşdrmaqda müvəffəq olmasa, parlamentdəki çoxluq baş nazirliyə üçüncü şəxsi nominasiya edə bilər.
Və əgər üçüncü namizəd də müvəffəq olmasa, İsraildə bir ildən qısa müddətdə artıq üçüncü dəfə seçki keçirilməli olacaq.