İsrail hərbi qüvvələri çərşənbə günü Qəzza Zolağında hava hücumları həyata keçirib. Eyni zamanda militantlar İsraili raket atəşinə tutub.
Fələstinin səhiyyə işçiləri və İslami Cihad militant qrupu İsrailin hava hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib. Bununla çərşənbə axşamı başlayan hava hücumları nəticəsində ölənlərin sayı 12-yə çatır.
İsrail Müdafiə Qüvvələri militantların 200-dən çox raket atdığını bildirib.
Raket hücumu İsrailin İslami Cihad qrupunun komandirinin ölümülə nəticələnmiş hava hücumuna cavab olaraq başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu öldürülən komandir Bahaa Əbu Əl-Attanın son aylarda İsrailə qarşı raket hücumlarına görə məsuliyyət daşıdığını, gələcəkdə də hücumlar həyata keçirməyi planlaşdırdığını bildirib.