Accessibility links

İsrail və Həmas atəşkəs əldə edib


İsrailin Baş naziri Benyamin Netanyahu və Misir dövlət televiziyasının bildirdiyinə görə, İsrail və Həmas “qarşılıqlı və eyni vaxtlı” atəşkəs üzərində razılıq əldə ediblər.

Həmas rəsmiləri Reuters-ə bildirib ki, atəşkəs Qəzzada cümə günü yerli vaxtla gecə saat 2-də qüvvəyə minir.

Atəşkəs cümə axşamı Qüdsdə baş nazirin Təhlükəsizlik Kabinetinin iclasından sonra elan olunub.

Cümə axşamı gündüz saatlarına müxbirlər önündə çıxış edən ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib ki, o, yaxında İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə danışacaq.

“Mən hər an İsrailə, Yaxın Şərqə getməyə hazıram, əgər bu səfər zorakılıqları geri qoymağa və israillilər və fələstinlilərin həyatını yaxşılaşdırmağa kömək edəcəksə. Hazırda biz diqqətimizi bu xəbərlərin həqiqi olduğunu təsiq etməyə yönəltmişik.”

Həmas mayın 10-da, dediyinə görə, İsrailin Qüdsdə fələstinlilərin haqlarını pozması səbəbilə, İsrailə raket atmağa başlayıb. Associated Press-in verdiyi məlimata əsasən, İsrailin işğal etdiyi İordan çayının qərb sahilində və İsraildə yaşayan 21 faiz ərəb azlığı çərşənbə günü döyüşlərə və İsrailin yəhudilərə verilən hüquqları fələstinlilərə tanımamasına etiraz etmək məqsədilə tətil keçiriblər. Məlumatda deyilir ki, İsrail bu iddianı rədd edir və bütün vətəndaşlarının bərabər hüquqlara sahib olduğunu bildirir və münaqişəyə görə Həması günahlandırır.

11 gün davam edən döyüşlər nəticəsində Qəzzada ölənlərin sayı 65 uşaq daxil olmaqla 230-a çatıb. Bu barədə yerli səhiyyə rəsmiləri xəbər verib. İsrail rəsmiləri isə İsraildə 12 nəfərin öldüyünü bildirir. BMT Qəzzada 72 mindən çox fələstinlinin didərgin düşdüyünü bildirir.

Cümə axşamı çıxan xəbərlərdə Misirin Qəzza zolağında İsraillə Həmas arasında atəşkəs əldə etmək səylərinin müsbət nəticəyə doğru yaxınlaşdığı bildirilsə də, rəsmi açıqlama edilməmişdi.

İsrailin BMT-dəki səfiri hökumətinin “yalnız Həmasın terror maşınını əhəmiyyətli dərəcədə məhv edəndən sonra” atəşkəs istədiyini bildirib.

“Bu, İsraillə Qəzzadakı insanlar arasında müharibə deyil,” səfir Gilad Erdan bildirib. “Bu, İsraillə fələstinlilər arasında müharibə deyil. Bu, yalnızca İsraillə Həmas arasında müharibədir. Biz he vaxt vətəndaşlarımızı müdafiə etdiyimizə görə üzr istəməyəcəyik, baxmayaraq ki, buradakı bəzi ölkələr daha çox yəhudinin öldüyünə görə xoşbəxt ola bilər.”

Atəşkəs müsbət qarşılanıb.

“Bu yaxşıdır,” vəziyyətlə bağlı BMT-də keçirilən toplantıda iştirak edən Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki müxbirlərə deyib. “Bu qətliam, bu aqressiya, bu hücum dayanacaq. Fələstinlilərin, Qəzzada onların sayı 2 milyondur, bu gecə daha aydın bir səhərə oyanacaqlarını bilərək yuxuya getmələri yaxşıdır. Amma bu kifayət deyil, bu heç də kifayət deyil,” o əlavə edib.

O xəbərdarlıq edib ki, bu ən son baş verən zorakılıqlara səbəb olan məsələlər – müsəlmanların Qüdsdəki müqəddəs yerdə yaşadıqları vəziyyət və fələstinli ailələrin şəhərin bəzi hissələrindən çıxarılması – həll olunmalıdır.

Birləşmiş Ştatlar da cümə axşamı BMT-də İsraillə fələstinlilər arasında atəşkəsə vasitəçilik etməyə çalışıb.

“Birləşmiş Ştatlar son iki həftədə İsrail və Qəzzadakı bu böhrana tək bir məqsədlə yanaşıb: münaqişəyə tez bir zamanda son qoymaq,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild BMT-nin Baş Assambleyasında bildirib. “Biz səssiz qalmamışıq.”

Bayden administrasiyası BMT Təhlükəsizlik Şurasının döyüşləri qınamaq və atəşkəsə çağırış etmək səylərinin qarşısını alıb və buna görə bir neçə ölkənin qınaqları ilə üzləşib. Bu cür bəyanatların verilməsi üçün şuranın 15 üzvünün hər birinin icazəsi olmalıdır.

Prezident Co Baydenin cabinet üzvü olan Tomas Qrinfild deyib ki, heç bir ölkə döyüşlərə son qoymaq üçün ABŞ qədər təcili səy göstərməyib. O deyib ki, amerikalı diplomatlar yüksək səviddəyə 60-dan çox iclas keçiriblər və onların azı beşini Bayden özü keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG