İsrail hərbi-hava qüvvələrinin Suriyanın hərbi obyektini vurması barədə məlumatlar yayılıb.
AP və AFP agentliklərinin aprelin 13-də Suriyanın dövlət mediasına istinadla vedikləri məlumata görə, hava zərbələri nəticəsində 6 əsgər yaralanıb, bir neçə bina dağılıb.
Suriya ordusunun rəsmisi SANA agentliyinə İsrail təyyarələrinin Hama əyalətində yerləşən Masyaf şəhərindəki hərbi akademiyaya zərbələr endirdiyini bildirib.
Britaniyada qərargahlaşan Suriya İnsan Haqları Müşahidə qrupu da İsrailin 3 hədəfə zərbələr endirdiyini xəbər verir.
Mənbənin məlumatına görə, azı 17 əsgər xəsarət alıb.
Məlumatda həmçinin itkilər olduğu bildirilir. Amma neçə nəfərin ölməsi və ya onların İranın dəstəklədiyi qüvvələr olub-olmaması barədə hələlik məlumat verilmir.
İsrail tərəfi məlumatı şərh etməkdən imtina edib. İsrail ordusu adətən Suriyada keçirdiyi əməliyyatları şərh etmir, amma bu yaxınlarda İranın Suriyadakı mövqeini vurmasını etiraf edib.
İran Suriya müharibəsində prezident Bəşər Əsəd rejiminin tərəfini saxlayır və Suriyaya hərbi müşavirlər və minlərlə döyüşçü göndərib.