Accessibility links

İsraillə Həmas arasında atəşkəs üç gündür davam edir


Qəzza rəsmiləri və beynəlxalq səhiyyə agentlikləri İsrailin hava hücumları nəticəsində yaralanan 1900 insanı müalicə etməyə davam etdiyi bir vaxt İsraillə Həmas arasında atəşkəs üçüncü gündür davam edib.

Qüdsdə İsrail polisi heç bir insident yaranmadan yəhudi ziyarətçilərin həm yəhudilər həm də müsəlmanlar tərəfindən müqəddəs sayılan Əl-Əqsa məscidinin yerləşdiri Məbəd təpəsinə daxil olmalarına icazə verib. Əl-Əqsada baş verən qarşıdurma Qəzzada İsraillə Həmas militantları arasında 11 gün davam edən və cümə günü əldə olunan atəşkəslə başa çatan sərhədlərarası hücumlara gətirib çıxaran səbəblərdən biri olub.

Regionda 2014-cü ildən bəri ən ağır döyüşlər nəticəsində Qəzzada 248, İsraildə 13 nəfər ölüb.

Döyüşlər dayanandan sonra ABŞ Dövlət katibi Antoni Blinken bazar günü deyib ki, Birləşmiş Ştatlar inanır ki, artıq “israillilər və fələstinliləri eyni hüquqlarla təmin edən” həll yolu tampağın vaxtıdır.

O, ABC kanalının “This Week” verilişində deyib ki, fələstinlilər “Fələstin dövlətində təhlükəsizlik və ləyaqət içində yaşamaq üçün ümid hiss etməlidirlər.” O bildirib ki, ABŞ Prezidenti ayrı Fələstin dövlətinin olduğu “iki dövlətli həll yoluna sadiq qalır,” amma o bunun “bu gün baş verəcək” bir şey olmadığını da qeyd edib.

Bu həftə regiona səfər edən Blinken ən son döyüşlərə görə Həmas militantlarını günahlandırıb və deyib ki, “Həmas Fələstin xalqına dağıntıdan başqa heç nə gətirməyib.”

Qəzzada bir çox mülki binalar İsrailin bomba hücumu nəticəsində dağılıb. Bu da yaralıları müalicə etmək və ya fələstinlilərin icma mərkəzlərində və ya zorakılıqdan qaçmaq üçün yeraltı sığınacaqlara toplanmaları səbəbilə artan koronavirus hallarına qarşı mübarizə aparmağı çətinləşdirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi yaralıları müalicə etmək üçün Qəzzaya tibbi avadanlıq və ləvazimat göndərdiyini bildirib.

Qəzzada su təchizatı 40 faiz azalıb və 700 000 insanın elektriyi kəsilib.

Fələstin rəsmiləri deyir ki, şəhərin bərpası on milyonlarla dollara başa gələcək.

İsrail münaqişədə mülki vətəndaşlar arasında tələfatların qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib və Həması israilliləri hədəf alan raketlər atmaqda günahlandırıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Mark Regev şənbə günü Fox News kanalına deyib ki, İsrailin hava hücumları Həmas “ağır zərbə” endirib. O həmçinin bunun onları yayındıracağına ümid bəslədiyini də vurğulayıb.

ABŞ-da bəzi mütərəqqi Demokratik qanunvericilər ABŞ-ın İsrailə silah satışını, o cümlədən hazırda göndərilməyə hazırlaşan 735 milyon dollarlıq silahların satışını, dayandırmasına çağırıb, çünki onlar bu cür silah satışının regionda daha çox münaqişələrə səbəb olduğuna inanır.

Dövlət katibi Blinken deyib ki, ABŞ “İsrailə özünü” “Fələstinin raket hücumlarına qarşı” “qorumağa imkan” verməyə inanır. Amma o həmçinin deyib ki, hər hansı silah satışı “Konqreslə tam məsləhətləşdikdən sonra” həyata keçiriləcək.

XS
SM
MD
LG