Accessibility links

İstanbul bələdiyyə seçkilərinə Azərbaycandan baxış


İyunun 23-də Türkiyənin ən böyük şəhəri olan İstanbulda bələdiyyə sədri seçkilərində müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlunun yenidən seçilməsi Azərbaycanda geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə minlərlə insan Türkiyənin seçki demokratiyasının Azərbaycan üçün nümunə ola biləcəyinə işarə edib.

Sosial şəbəkələrdə Azərbaycanın siyasi partiya rəhbərləri, ictimai xadimləri, geniş ictimaiyyət nümayəndələri müzakirələr açıb. Onların bir çoxunun fikirlərini təqdim edirik.

Əli Kərimli: Türkiyə imtahandan uğurla çıxdı

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Əkrəm İmamoğlunu və bütövlükdə Türkiyəni təbrik edib.

“Aydındır ki, bu gün sadəcə İstanbulun yeni meri seçilmirdi. Ölkənin seçki sistemi və demokratiyası mühüm bir imtahan verirdi. Və bu imtahandan Türkiyə uğurla çıxdı. Bütün problemlərə rəğmən qardaş ölkədə seçki sistemi işləyir, hakimiyyətlərin taleyini xalq həll edir. Önəmli olan da budur” , Kərimli Facebook səhifəsində yazıb.

Natiq Cəfərli: Görürsüz seçki nə maraqlıdır?

Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, İstanbulda seçki uğurlu olub.

“İstanbulda hər şey gözəl oldu, inşallah, Türkiyədə də gözəl olacaq! Sevgili millət, uca xalq, görürsüz seçki nə maraqlıdır? Türkiyə seçkilərinə göstərdiyiniz maraq qədər öz parlament seçkilərimizə maraq göstərin - o zaman YAP (iqtidarda olan Yeni Azərbaycan Partiyası-red) üçün heç nə gözəl olmayacaq” , Cəfərli Facebook səhifəsində yazıb.

Arif Hacılı: Atatürk həyatda olsa bu nəticəyə çox sevinərdi

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, İstanbul seçkilərində İmamoğlunun qələbəsi cümhuriyyət dəyərlərinin qələbəsidir:

İmamoğlunun qələbəsi həm də cümhuriyyət dəyərlərinin qələbəsidir. Xalq iradəsinin dövlət resursu üzərində qələbəsidir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“İstanbul seçkisi təbii ki, yalnız bir şəhərin rəhbərini müəyyən edən seçki deyil. Buna görə də bütün dünyanın diqqət mərkəzindədir. Nəticələr bizi çox sevindirir. Bu gün sevgili istanbullular Türkiyə tarixinin şərəfli səhifələrindən birini yazdılar. İmamoğlunun qələbəsi həm də cümhuriyyət dəyərlərinin qələbəsidir. Xalq iradəsinin dövlət resursu üzərində qələbəsidir. Bu seçkilər göstərdi ki, Türkiyəni demokratik, dünyəvi dövlət yolundan döndərmək mümkün deyil və doğrudan da, Türkiyə üçün də, bütün dünyada demokratiya uğrunda vuruşanlar üçün də hər şey çox gözəl olacaq.

Əminəm ki, Atatürk həyatda olsa bu nəticəyə çox sevinərdi” , Müsavat başqanı Facebook səhifəsində yazıb.

Məhəmməd Talıblı: Hakimiyyətdən gediləcək siqnalın xəfif səsləri eşidilməkdədir

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı alim Məhəmməd Talıblı bildirir ki, böyük şəhər bələdiyyələrini uduzan iqtidar partiyası ciddi mövqelər üzrə uduzduğunu etiraf etməlidir.

“Ərdoğan ətrafında xeyli yıpranmış nimdaş komanda üzvləri yeniləşən və demokratiyaya tamarzı qalmış Türkiyə seçicisinin “süzgəcindən” daha keçmir. Eyforiya dövrü keçib. Siyasi islam islamı da, siyasəti də gözdən xeyli saldı. Hakimiyyətdən gediləcək bavul (çamadan) siqnalın xəfif səsləri eşidilməkdədir. Əks halda sürəkli fit səsləri gələcək. Bugünkü demokratik seçki nəticələri və doğru seçim qardaş Türkiyəni xeyli irəli apara biləcək”, alim Facebook səhifəsində yazıb.

İqbal Ağazadə: Yenə də boykot edək? Bəs bu ölkəni necə dəyişək?

İqbal Ağazadə
İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə sual edir ki,“bilirsinizmi Əkrəm İmamoğlu niyə qalib gəldi?

“17 ildir CHP və digər partiyalar heç seçkini boykot etmədilər. Şərtlər nə qədər ağır olsa da, AKP iqtidarı nə qədər seçki saxtakarlığı etsə də seçkiyə qatılmamağı kimsə ağlına belə gətirmədi. Ergenekon həbsləri, səhnələşdirilmiş çevriliş teatrları saysız-hesabsız müxalifləri mübarizədən kənarlaşdırsa da, çoxsaylı jurnalistlər, azad düşüncəli insanlar həbs olunsa da tək çarə seçki oldu. Və sonda... Ərdoğan da xalqın qarşısında geri çəkildi. Siz deyin, siyasi partiyalar seçkiləri mütəmadi boykot etsəydi, seçici aktivliyi olardımı? Azərbaycan müxalifətinin böyük hissəsi isə 1998-də, 2004-də, 2008-də, 2009-da, 2015-də, 2018-ci illərdə seçkiləri boykot edib. İndi də sıra 2019 və 2020-ci il seçkilərinindirmi? Yenə də boykot edək? Bəs bu ölkəni necə dəyişək?” , o qeyd edib.

Bəxtiyar Hacıyev: Mitinqsiz seçki qələbəsi olmur

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, kütləvi toplantılar olmadan seçkilərdə qələbə mümkün deyil.

“İmamoğlu həm də onu göstərdi ki, mitinqsiz seçki qələbəsi olmur. Qələbədən sonra da mitinq edir. Tərəfdarları da "Ek-rem baş-kan, Ek-rem baş-kan" qışqırır” , Hacıyev Facebook səhifəsində yazıb.

Aslan İsmayılov: Bu qələbə türk xalqının haqqını qorumasının nəticəsidir

Aslan İsmayılov
Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılov hesab edir ki, türk xalqı səsini qorumağa qadir olmasa idi, İmamoğlu qələbə çala bilməzdi.

“Əkrəm İmamoğlunun qələbəsini Rəcəb Tayyib Ərdoğanın demokratlığı ilə bağlayanların ya demokratiyadan, ya da Türkiyədə baş verənlərdən xəbərləri yoxdur. Bu qələbə türk xalqının haqqını qorumasının nəticəsidir. Əgər onlar bir nəfər kimi seçkilərə getməsə, səslərini qorumaqda israrlı olmasalar bu qələbə də olmazdı” , hüquqşünas qeyd edib.

Oqtay Gülalıyev: O gün uzaqda deyil

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülülıyev hesab edir ki, İstanbul seçkiləri və seçkinin nəticələri Azərbaycan üçün də önəmlidir.

“Demokratik seçki həsrəti çəkən vətəndaşlarımız çox böyük diqqət və qızğınlıqla seçimləri müşahidə edir. Bilirsinizmi niyə? 26 ildir azad, ədalətli seçkiyə həsrətik. İnsanlarımız demokratiyanın nə qədər önəmli, vacib bir dəyər olduğunun fərqindədir. Bu dəyər ölkəmizdə olmadığı üçün digər ölkələrə baxıb həsəd aparırlar. Qonşu ölkələrdə demokratik, ədalətli seçimin keçirilməsi bu həsədi və həsrəti daha da alovlandırır.

İnanırıq ki, biz də ölkəmizdə demokratik seçkilər keçirib bu sevinci xalqımıza və dostlarımıza yaşadacağıq. Sadəcə bir az da məsuliyyətli və fədakar olmalıyıq. O gün uzaqda deyil” , hüquq müdafiəçisi yazıb.

Şahin Cəfərli: Türkiyədə bir ildə siyasi iqlim kardinal şəkildə dəyişib

Şahin Cəfərli
Şahin Cəfərli

Politoloq Şahin Cəfərli yazır ki, bir il əvvəl Ərdoğan İstanbulda 50% səs almışdı.

“İmamoğlu 54% səs aldı. Bir ildə ölkənin siyasi iqlimi kardinal şəkildə dəyişdi. Xalq avtoritarizmi rədd etdi və son illər cümhuriyyətin bütün köklü qurumlarını, demokratik institutlarını dağıda-dağıda gələn Ərdoğanı dayandıraraq onun milli iradənin ifadə vasitəsi olan qutunu ortadan qaldırmasına imkan vermədi. Xalq çox net mesaj verdi ki, seçki ilə gələn bir gün seçki ilə də gedəcək və kimsənin Ana Yasada qeyd olunduğu kimi laik, demokratik, sosial hüquq dövləti olan Türkiyə Cümhuriyyətini ürəkbulandırıcı kleptokratik-nepotist avtokratiyaya çevirmək cəhdlərinə legitimlik qazandırılmayacaq. Hər Fironun bir Musası var” , politoloq qeyd edib.

XS
SM
MD
LG