Accessibility links

İstanbulda konsulluqda öldürüldüyü düşünülən səudiyyəli jurnalistlə bağlı istintaq başladılıb


Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, rəsmilər səudiyyəli jurnalist Camal Xaşuqcinin yoxa çıxması ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda axtarış aparacaq.

Nazirliyin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı istintaqla bağlı əməkdaşlığa hazır olduğunu bildirib. Axtarışın nə vaxt keçiriləcəyi barədə heç bir məlumat yoxdur.

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanından ötən həftə ölkənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxan səudiyyəli jurnalist Camal Xaşuqci ilə bağlı istintaqın hərtərəfli və şəffaf aparılmasına dəstək verməsini istəyib.

ABŞ dövlət katibi - Mayk Pompeo
ABŞ dövlət katibi - Mayk Pompeo

Pompeo bazar ertəsi günü verdiyi bəyanatda bildirib ki, Dövlət Departamenti Washington Post qəzetinin yazarı və jurnalist Camal Xaşuqcinin harada olduğu barədə təqdim olunan məlumatlarda ziddiyətli məqamlar aşkar edib.

Dövlət katibinin bu bəyanatı ABŞ prezidenti Donald Trampın vəziyyətdən narahat olduğunu bildirdikdən bir neçə saat sonra açıqlanıb.

"Hal-hazırda heç kim bu haqda heç nə bilmir. Ortada bəzi pis hekayələr dolaşır və bu mənim xoşuma gəlmir'' -deyə, ABŞ prezidenti Donal Tramp narahatlığını dilə gətirib.

Bazar ertəsi günü etirazçılar İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında toplaşaraq, jurnalistin taleyi ilə bağlı məlumat verilməsini tələb ediblər. Onlar üzərində “Biz Camal Xaşuqci olmadan getməyəcəyik” yazılmış plakatlar qaldırıb.

Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğunun önü.
Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğunun önü.

Türkiyə rəsmiləri jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünə inandıqlarını bildirib.

Səudiyyə Ərəbistanı rəsmiləri isə Türkiyə təhqiqatçılarının Xaşuqcinin öldürüldüyü haqda iddialarının “əsassız” olduğunu deyir.

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman hökümətini tənqid edən Xaşuqci krallığa qarşı müxalif olduğu üçün bir ilə yaxındır ABŞ-da məcburi sürgündə yaşayırdı.


XS
SM
MD
LG