Accessibility links

İtaliya sahillərində yanğının baş verdiyi qayıqda azı 3 miqrant ölüb


İtaliya polisinin bildirdiyinə görə, bazar günü İonik dənizinin İtaliya sahillərində mirqantların olduğu qayıqda yanğının baş verməsindən sonra ən azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Sahil Mühafizəsinin yayımladığı videoda qayığın alovlandığını, dənizçilərin isə suya atılan miqrantları qurtarmaq üçün göstərişlər verdiyini görmək mümkündür.

Polis limana yaxınlaşan qayığın mühərrikinin yandığını və sonradan partlayışın baş verdiyini bildirib. Yanğından əvvəl qayıqda neçə miqrantın olduğu məlum deyil. Media xəbərlərində qayıqda 21 miqrantın olduğu barədə xəbərlər yayılıb. Lakin yanğından əvvəl onlardan 13-nün İtaliya polisi tərəfindən sahilə çıxarıldığı bildirilib.

ANSA xəbər agentliyinin verdiyi məlumata görə, polisin yanğının baş verdiyi zaman miqrantların qalan hissəsinin olduğu qayığı Kalabriyanın Kroton limanına müşayiət edib.

Ciddi yanıq xəsarəti alan bir neçə miqrant Kroton xəstəxanasına çatdırılıb.

Bu arada, son zamanlar İtaliyaya miqrant axınının artması miqranların əsas etibarilə gətirildiyi Aralıq dənizindəki Lampedusa adasında etirazlara səbəb olub.

Gecə saatlarında paslanmış balıqçı gəmisindən 450 miqrantın adaya enməsinə icazə verməsindən sonra bələdiyyə başçısı Toto Martello İtaliya hökumətindən daha çox yardım tələb etmək məqsədilə "ümummilli tətilə" çağırıb.

İtaliya rəsmiləri buna cavab olaraq, adaya daha üç COVID-19 karantin bərəsi göndərib. Onlardan birinin bazar ertəsi, ikisinin isə çərşənbə günü adaya çatacağı gözlənilir.

XS
SM
MD
LG