Accessibility links

“İyul Azərbaycanda insan azadlıqlarının kobud pozulması ilə yadda qalıb,” - İnsan Hüquqları təşkilatı hesabat yayıb


Müdafiə Xətti təşkilatının həmtəsisçiləri mətbuat konfransı keçirərkən
Müdafiə Xətti təşkilatının həmtəsisçiləri mətbuat konfransı keçirərkən

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı 2021-ci ilin iyul ayında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.

Sənəddə deyilir ki, iyul ayı Azərbaycanda insan hüquq və azadlıqları sahəsində daxili və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması ilə yadda qalıb.

Cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar halları adi xarakter daşıyır.
Heabatdan sitat

“Müdafiə Xətti” hesab edir ki, ay ərzində və ümumiyyətlə cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar halları adi xarakter daşıyır və bu, onu deməyə əsas verir ki, cəza sosial ədalətin bərpasına, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşımır.

“Göstərilən dövrdə yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan - 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əlizamin Salayevə (müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü), 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Polad Aslanova qarşı pis rəftar olduğu barədə məlumatlar qeydə alınıb.”

Heyvansevərlər polis tərəfindən saxlanılarkən
Heyvansevərlər polis tərəfindən saxlanılarkən

Qurum hesab edir ki, Azərbaycanda vətəndaşların sərbəst formada toplaşıb, özlərini ifadə etməsinə əngəllər var, pandemiya dövründə isə, bu tam qadağan edilib.

Azərbaycanda vətəndaşların sərbəs formada toplaşıb özlərini ifadə etməsinə əngəllər var.
Hesabatdan sitat

“Avqust ayında heyvansevər aktivistlər sahibsiz itlərin öldürülməsinə etiraz etməyə cəhd göstərib, lakin daxili işlər orqanlarının əməkdaşları aksiyaçıları saxlayıb, inzibati qaydada cərimələyib. Polis feministlərin qadın qətllərinin çoxalmasına etiraz olaraq Daxili İşlər Nazirliyinin qarşısında dinc qaydada etiraz etməsinə əngəl olub, aksiyaçılar saxlanılıb, bir neçə saat sonra azadlığa buraxılıb. Bir qrup məhkum ailəsi əsassız ittiham hökmünə etiraz olaraq toplaşıb, polis zorakılıq tətbiq edib, xanım etirazçılardan birini saxlayıb,” hüquq müdafiə təşkilatı qeyd edib.

"Müdafiə Xətti" bildirir ki, sosial şəbəkələrdə paylaşımlara görə vətəndaşlar polis şöbələrinə çağırılır, tənqidi postların silinməsi tələb olunur, gələcəkdə hökumətin bu və ya digər siyasətini tənqid edən paylaşımlar olacağı təqdirdə qurama əsaslarla cinyaət işinin qaldırılacağı barədə xəbərdarlıqlar edilir.

Sosial şəbəkələrdə paylaşımlara görə vətəndaşlar polis şöbələrinə çağırılır.
Hesabatdan sitat

“D18 Hərəkatının üzvü Cəlil Zabidovu facebook sosial şəbəkəsində tənqidi postlarına görə polis 1 sutka saxlayıb. Salyan şəhərində ictimai fəal Sərdar Qubadsoy iş adamı Cavanşir Ağalarovun qanunazidd davranışlarına etiraz etdiyi və ictimailəşdirdiyi üçün sonuncunun şikayəti əsasında Salyan Rayon Polis Şöbəsinə çağırılıb. “

Sənəddə deyilir ki, hökumət təkcə siyasi məzmunlu özünüifadetmələrə deyil, eyni zamanda yaradıcılıq azadlığına da dözümsüzlük nümayiş etdirir.

“Polis “Qış parkı”nda və Heydər Əliyev sarayının qarşısında Azərbaycan Dağınıq Oda teatrının yaradıcısı Elmin Bədəlovun küçə tamaşası nümayiş etdirməsinə müdaxilə edib, aktyoru saxlayıb, bir neçə saatdan sonra sərbəst buraxıb.”

Bakıda feminist fəallar polis idarəsinin binası qarşısında aksiya keçirib
Bakıda feminist fəallar polis idarəsinin binası qarşısında aksiya keçirib

Hesabatda deyilir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bir sıra ölkələrdə, o cümlədən Azərbanda müasir rəqəmsal izləmə texnologiyalarından vətəndaşların telefon və kompüterlərinə müdaxilə etməklə qanunsuz izləmələr həyata keçirmələri barədə faktlar açıqlayıb.

Bu, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf, şəxsi, ailə sirrinin və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun pozulmasıdır.
Hesabatdan sitat

Açıqlamalardan bəlli olub ki, Azərbaycan hökuməti terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks-kəşfiyyat məqsədilə İsrailin NSO GROUP şirkətindən aldığı Pegasus casus proqramı təminatı və avadanlıqları ilə çoxsaylı insanın, xüsusilə, ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin telefon və kompüter cihazlarına fasiləsiz müdaxilə edib, onların elektron poçt, WhatsApp, Telegram, Siqnal və s. mesajlaşma mübadilə sistemini, sosial şəbəkə fəaliyyətlərini nəzarətdə saxlayıb.

“Bu, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf, şəxsi, ailə sirrinin və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun pozulmasıdır.”

Qurum mühacir fəallara qarşı repressiya tədbirlərinin davam etdirildiyini bildirir.

“Almaniyaya mühacir kimi gedib, sonradan vətəndaşlıq alan fəal Yeganə Əmiraslanova Azərbaycana gələrkən hava limanında saxlanılıb, Bakı Şəhər Prokurorluğunda bir neçə saat dindirildikdən sonra sərbəst buraxılması, Tbilisidə azərbaycanlı bloger Hüseyn Bakıxanovun ölü tapılması ciddi narahatçılıqlar doğurur. Fransadakı mühacir bloger Məhəmməd Mirzəli qeyri-müəyyən şəxslər tərəfindən bıçaqlanıb”.

Ölkədə onlarla vicdan məhbusu var. Onlar hakimiyyətin siyasətini tənqid etdiklərinə görə saxta ittihamlar əsasında azadlıqdan məhrum ediliblər.
Hesabatdan sitat

“Müdafiə Xətti” hesab edir ki, dindarlara qarşı hökumət dairələri dözümsüz münasibət sərgiləyir.

“Ölkədə onlarla vicdan məhbusu var. Onlar hakimiyyətin siyasətini tənqid etdiklərinə görə saxta ittihamlar əsasında azadlıqdan məhrum ediliblər. Dini mərasimlərin yerinə yetirilməsi bəzi hallarda sərbəst deyil. Lənkəranda Qədir Xum bayramını (Qədiri-Xum şiələrin böyük bayramlarından biridir) yaxın dostları ilə qeyd etmək istəyən İlqar Əzimzadənin evinə polislər basqın edib. Əli Rzayev və İlqar Əzimzadə 20 sutka, Əli Məmmədov ilə Şəhriyar Rzayev isə 18 sutka inzibati qaydada həbs edilib. Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hümbətov Razi yaşadığı Ceyrənbatan qəsəbəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.”

İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib
İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib

“Müdafiə Xətti” Azərbaycan hökumətinə təklif edir ki, insan hüquq və azadlıqlarına hörmət ruhunda siyasət yürütsün, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqlarına hörmətlə yanaşsın, hakimiyyətlər (qanunverici, məhkəmə, icra hakimiyyəti) arasındakı balansı bərpa etsin, xüsusilə, məhkəmə hakimiyyətinin, hakim korpusunun müstəqilliyini təmin etsin, cəzaçəkmə müəssisələrində cəzanın məqsədlərinə- sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə səy göstərsin.

Rəsmi qurumlar hüquq müdafiə təşkilatının hesabatına hələ münasibət bildirməyib. Bununla yanaşı, hökumət bir qayda insan haqlarının pozulması halları ilə bağlı yayılan tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Hüquq mühafizə orqanları və Penitensiar Xidmət insanların saxlanılması zamanı və həbs yerlərində qeyri-insani rəftara, işgəncələrə məruz qalmaları ilə bağlı məlumatları davamlı olaraq təkzib edir. Onlar insanlarla qanunvericiliyə uyğun davranıldığını bildirir.

XS
SM
MD
LG