Avropa parlamentinin portuqaliyalı üzvü, 2019-cu il Dünyada İnsan Haqları və Demokratiya ilə bağlı illik hesabat üzrə məruzəçi İzabel Santos Amerikanın Səsinə açıqlamasında Müsavat partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun dörd il üç ay müddətinə həbsi ilə bağlı hökmə münasibət bildirib.
"Müsavat partiyasının sədrinin müavini cənab Tofiq Yaqublunun dörd il üç ay müddətinə həbs olunması barəsində hökm Azərbaycan rəsmiləri tərəfindən yanlış siqnal oldu. Sentyabrın 3-dəki qərar onun legitimliyi ilə bağlı şübhələrin olduğu iddialar nəticəsində saxlanılıb, məhkəməyə çıxarılmasından sonra verilib.
Cənab Yaqubluya məhkəmədə son ifadə verməyə icazə verilməyib və beləcə o, hüquqlarından birindən məhrum edilib. O ona qarşı başladılan məhkəmə işinin siyasi motivli olduğunu bildirib. Nəticədə o, hakimin qərarına etiraz olaraq aclıq aksiyasına başlayıb. Biz cənab Yaqublunun rədd etdiyi saxta ittihamlara əsaslanan bir işdən bəhs edirik.
Məhkəmə prosesinə bu cür etinasızlıq və qanunun aliliyi və hakimiyyət bölgüsünə açıq hörmətsizlik qəbuledilməzdir. Azərbaycan rəsmiləri bütün siyasi azadlıqlara hörmət göstərməlidir və hansı azadlıqlara tolerant olub-olmayacaqlarını seçməməlidirlər.
Bu işə dərhal Azərbaycanın beynəlxalq öhdəliklərinə hörmət çərçivəsində yenidən baxılmalıdır və biz beynəlxalq ictimaiyyətin Azərbaycan hökümətinin müxalif səsləri boğmasına dözməyəcəyinə dair açıq mesaj göndərməliyik," o, açıqlamasında bildirib.