Accessibility links

İlham Əliyev: 2016-cı ildə qarşıda duran bütün vəzifələr icra edilib


Hazirlər Kabinetinin iclası
Hazirlər Kabinetinin iclası

Yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İlham Əliyev 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib.

“Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”, prezident qeyd edib.

Dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirib.

“Keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub. Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayəqoyulub”.

Əliyevin fikrincə, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olunub.

“Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb”.

Onun dediyinə görə, ötən il maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır.

“2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb”.

2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan prezident İlham Əliyev bildirib ki, “əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu və minlərlə hektar torpaq işğaldan azad edildi”.

Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyib.

Dövlət başçısı 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edib.

XS
SM
MD
LG